Son illərdə Avropa Parlamenti iki istiqamətdə aktiv fəaliyyəti ilə populyarlaşıb. Birincisi, AP rəhbərliyinin korrupsiyaya bulaşması. Artıq bu heç kəsə sirr deyil və bununla bağlı çoxsaylı faktlar var. Avroparlamentin bir sıra deputatlarının korrupsiya əlaqələri ifşa olunub.
Bəziləri barədə cinayət işi açılıb. Heç şübhəsiz, korrupsiyaya bulaşmış AP deputatlarının sayı əslində göründüyündən daha çoxdur.
İkincisi, AP-də Azərbaycana qarşı artıq sayı-hesabı itirilmiş qətnamələrin qəbulu. Necə gəldi erməni lobbisinin və digər dairələrin sifarişi ilə Azərbaycan əleyhinə qətnamələr qəbul olunur. Avroparlament bu yöndə gələn sifarişləri xüsusi canfəşanlıqla icra edir. Bu iki istiqamətdə göstərdiyi fəaliyyət AP-ni Avropa strukturları içərisində ən “populyarına” çevirməkdədir.
“Qurum aşınma mərhələsindədir və getdikcə ona olan ümidləri, ümumilikdə isə Avropa İttifaqına olan ümidləri puç edir”
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət hesab edir ki, Avropa Parlamentində baş verənlər bir sıra məqamlardan xəbər verir: “Ümumiyyətlə, bu qurumun fəaliyyəti bir daha sübut edir ki, Avropada korrupsiyanın, tərəfkeşliyin olmaması barədə deyilənlər boş cəfəngiyatdan başqa bir şey deyil. Biz uzun illərdir Avropa strukturlarında, o cümlədən, Avroparlamentdə tərəfkeşlik edilməsi, korrupsiyanın olması, müəyyən maraq qruplarının ədalət hissini arxa plana keçirməsi haqqında danışanda ölkəmizdə bəzi qüvvələr bizi topa tutur. Hətta bunu lağlağıya çevirirlər. AzTV-də bu cür məsələlər haqqında verilişlər gedəndə onu lağ obyektinə çevirib gözdən salmağa çalışırlar. Ancaq göründüyü kimi, son vaxtlar baş verən proseslər, xüsusən də Avropa Parlamentinin rəhbərliyində belə korrupsiyaya bulaşmış şəxslərin müəyyən edilməsi, onlardan konkret olaraq Yunanıstan təmsilçisinin, Avropa Parlamentinin vitse-prezidentinin həbs edilməsi onların əsl simasını ortaya qoydu. Özü də onun korrupsiyaya görə həbs edilməsi bizim dediklərimizi sübut edir. Ona görə də bu, dediklərimizi lağlağıya çevirən adamların yenidən düşünməsi üçün əlavə bir imkan var. İkinci bir tərəfdən, marağ qruplarının olması ümumiyyətlə, bu qrupların daha çox maddi maraqlara xidmət etməsi də Azərbaycanla bağlı yeri gəldi-gəlmədi, dəxli oldu-olmadı qətnamələrin qəbulunda özünü göstərir. Yəni, bu məsələ, iqtidar-müxalifət məsələsi deyil. Bu, Azərbaycan üçün ümummilli dövlət maraqları məsələsidir və obyektivliyi olan hər kəs görür ki, Avropa Parlamentində qəbul edilən qətnamələrdə ölkəmizə haqsız hücum, ittihav var. Əlbəttə ki, belə olan halda biz düşünməliyik. Yəni niyə bu haqsızlıqlar edilir? Sualın cavabı yenə də bizim dediyimizdədir. O da ondan ibarətdir ki, Avroparlamentdə ədalətsizlik və tərəfkeşlik hökm sürməkdədir. Yəni pulunu verən sifarişi də verir. Təəssüflər olsun ki, bu sifarişlərin arxasında çox zaman ermənilər və onların arxasında dayanan mərkəzlər olur. Yaxud da erməni siyasətinin arxasında duran böyük güclər olur. Məsələn, Fransa dövləti. O baxımdan düşünürəm ki, Avropa Parlamenti aşınma mərhələsindədir. Sözügedən qurum getdikcə ona olan ümidləri, ümumilikdə isə Avropa İttifaqına olan ümidləri puç edir. Əlbəttə ki, bu yaxşı proses deyil və dünya düzənini mənfi mənada poza biləcək bir tendensiyadır”.
Vidadi ORDAHALLI