Avropa Parlamentinin bütün mümkün imkanlardan istifadə edib Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməkdə tayı-bərabəri yoxdur. Bu təşkilat Azərbaycana “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə yanaşır.
Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Hələ qəbul edilməyən bu qətnamənin mətni yayılıb.
Açıq ermənipərəstliyi ilə seçilən bu təşkilat hər zaman Hayastanı dəstəkləyib və onun maraqlarını güdüb. Rəsmi İrəvanın xeyrinə güc balansını dəyişməyə çalışan Avropa Parlamenti mətni sızan qətnamə layihəsində Türkiyəni regionda stabilliyi “pozmaqda” ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır.
Avropa Parlamenti burada Türkiyəni bizim bölgəmizdə"pozucu rol oynamaqdan" çəkinməyə çağırıb. Türkiyənin bölgədəki sabitləşdirici roluna qərəzli yanaşırlar. Halbuki, Rusiya və başqa ölkələr deyirlər ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır, amma Avropa Parlamenti “Türkiyə bölgədə dağıdıcı rol oynayır” deyir və onu bu fəaliyyətə son qoymağa çağırır.
Türkiyənin bu bölgədəki fəaliyyəti Avroparlamenti niyə narahat edir?
“Avropa Parlamenti Cənubi Qafqaz bölgəsində pozucu axtarırsa nəzərlərini Fransaya və başqa onun kimi ölkələrə yönəltsin”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avropa Parlamentinin belə bir qətnamə qəbul etməyə hazırlaşması kökündən yanlışdır. Qətnamə layihəsində Türkiyə ilə bağlı səsləndirilən fikirlər birmənalı olaraq absurddur. Son dövrlər bölgədə ən böyük sabitləşdirici rol oynayan ölkə məhz Türkiyədir. Faktiki olaraq, bölgədə ən çox pozucu rol oynayan və oynamağa davam edən ölkələr isə Rusiya, Yunanıstan, Ermənistan, İran, ABŞ və Fransadır. Avropa Parlamentində təmsil olunan qüvvələr məhz öz maraqlarından çıxış edirlər. Onların maraqları Türk və islam dünyası ilə ziddiyyət təşkil edir. Ancaq onlar üçün burada başlıca “problem” Türkiyə və Azərbaycandır. Eyni zamanda Türkiyə, Azərbaycan və Pakistanın birgə hərbi əməkdaşlığa doğru getməsi onları ciddi narahat edir. Türkiyənin sabitləşdirici rolunu “pozucu fəaliyyət” adlandırmaq həqiqətən də absurd iddiadır.
Suriyada, İraqda və digər bölgələrdə gedən proseslər göstərir ki, Türkiyə daha çox sabitləşdirici rol oynamağa çalışır”.
F.Ələkbərlinin sözlərinə görə, 30 il Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilmirdi, ciddi problemlər vardı, Azərbaycana bu ciddi problemləri yaradanlar məlum idi. Bu məsələdə də Türkiyənin məntiqli və doğru addımları nəticəsində məsələnin xeyli dəyişdiyini deyən F.Ələkbərlinin qeyd etdiyinə görə, nəticədə Hayastanın da əslində pozucu fəaliyyəti müəyyən qədər səngimişdi, amma yenə də bölgədə sabitliyi pozmağa çalışan qüvvələr onu müharibəyə sövq edirlər. “İran rejimi, Rusiyanın bəzi dairələri, Fransa kimi ölkələr bölgədə sabitliyi pozmaqda çox maraqlıdır və onlar Hayastanı yenidən müharibəyə sürükləmək istəyirlər. Avropa Parlamenti Cənubi Qafqaz bölgəsində pozucu axtarırsa nəzərlərini Fransaya və başqa onun kimi ölkələrə yönəltsin. Yəni Avropa Parlamentində belə bir bədnam qətnamə qəbul etməyə hazırlaşanlar pozucu qüvvələrin ünvanını düzgün göstərmir. Fransanın özünün bizim bölgədə nə qədər pozucu mövqe tutduğu hər kəsə məlumdur. ABŞ-ın da, Rusiyanın da zaman-zaman oynadığı ikili rollar dünyaya məlumdur. Bu təşkilatın belə qərəzli iddialar irəli sürməsinin səbəblərindən biri onun ifrat ermənipərəstliyidirsə, digər səbəb Türkiyənin günü-gündən bölgədə güclü faktora çevrilməsidir. Türkiyənin nəinki bölgədə, ümumiyyətlə bütün dünyada gücə çevirilməsi Avroparlamenti ciddi narahat edir. Türkiyə təkbaşına güclənmir. Türkiyənin güclənməsi Azərbaycan və eyni zamanda digər türk dövlətləri, xüsusən də Türk Dövlətləri Təşkilatının fəaliyyəti ilə bağlıdır. Bu baxımdan, əlbəttə, biz öz tutduğumuz doğru yola davam edirik. Mənə elə gəlir ki, bu kimi ermənipərəst təşkilatların bizə qarşı qərəzli hərəkətləri heç nəyi dəyişməyəcək. Türkiyənin doğri mövqeyi əslində bölgədəki və dünyadakı bir çox proseslərin müsbət həllinə yönəlib və biz onun doğru yolda olduğuna inanırıq” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA