Əldə etdiyimiz məlumata görə, bu günlərdə Milli Vəhdət Partiyasının Ali Məclisinin toplantısı keçirilib, Ali Məclis partiyanın özünü buraxması barədə qərar qəbul edib. Hazırda partiyanın sonuncu qurultayına hazırlıq gedir.
Məlumatımıza görə, mart ayının sonlarına yaxın qurultay keçiriləcək və qurultayda Ali Məclis partiyanın buraxılması barədə qərarını təsdiqləyəcək. Onu da qeyd edək ki, partiyaya yaxın mənbələr partiyanın yenidən qeydiyyatdan keçməsi üçün zəruri olan 5 min imzanı bugünə qədər topladığını da bildirib. Amma buna baxmayaraq, partiyanın Ali Məclisi siyasi sistemin daha da sadələşməsi və dövlətçilik mənafeləri naminə partiyanın buraxılması barədə könüllü qərar qəbul edib. Xatırladaq ki, partiyanın sədri tanınmış ictimai-siyasi xadim, tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz idi. Baki-xeber.com