X Qlobal Bakı Forumunda son panel iclası keçirilib. Trend-in məlumatına görə, martın 9-da işə başlayan və üç gün davam edən forumun “Gənclər danışır, biz dinləyirik” adlı son panel iclası Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşenkonun moderatorluğu ilə keçirildi.
“Vacib məsələləri müzakirə etmək üçün dialoqun təmin edilməsi indiki liderlər üçün çox vacibdir, lakin gələcək liderlər üçün daha vacibdir.
İndiki və keçmiş diplomatik nümayəndələr, əlbəttə ki, buradakı müzakirələri xatırlayacaqlar, lakin gənclər Bakıda öyrəndikləri bütün bilikləri yadda saxlayacaqlar”,- deyə K.Yuşenko bildirib.
Panel müzakirələrlə davam edib.
Xatırladaq ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.