Qarabağdakı separatçı qurum Laçın yolunda baş verənlərdən yenə spekulasiya məqsədilə istifadə edir. Bu dəfə iqtisadi müstəvidə məsələləri təhrif olunmuş formada təqdim edirlər. Guya Azərbaycan QHT-lərinin Laçın yolunda keçirdikləri aksiya Qarabağdakı etnik ermənilərin iqtisadi fəaliyyətinə güclü zərbə vurub.
Məgər Azərbaycan Qarabağı blokadaya salıb? Hər gün Rusiya sülhməramlıların müşayəti ilə onlarla yük maşını Ermənistandan Xankəndiyə gedir. Bütün zəruri məhsullar ora daşınır. Üstəlik, Ermənistandan Qarabağa gələn qaz və elektrik xətti stabil olaraq işləyir. Yalnız hərbi təyinatlı malların ora daşınmasına imkan verilmir.
Ancaq separatçı qurum saxta rəqəmlər uyduraraq bəyan edir ki, guya “blokadadan” ötən müddət ərzində bölgə iqtisadiyyatına 150 milyon dollar ziyan dəyib və bu ÜDM-nin (903 milyon dollar) 16%-dən çoxdur. Guya 755 təsərrüfat subyekti bağlanıb və nəticədə 5 700 nəfər işini itirib. Guya Xankəndinin ən böyük istehsal müəssisələrindən olan “Metaxkombinat” bağlanıb və nəticədə 300-400 nəfər işsiz qalıb. Guya “Sərsəng” SES-i tam gücü ilə işlətməyə məcbur olub və nəticədə su anbarında suyun səviyyəsi yarıya kimi azalıb.
“Separatçıların nəzarətində olan ərazidə o qədər məhsulun istehsalı mümkünsüzdür”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli də qeyd etdi ki, separatçı qurumun ortaya atdığı rəqəmlər uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur: “Bunu çoxsaylı faktlarla əsaslandırmaq olar. Əvvəla, Qarabağda hərbçilərlə birlikdə yaşayanların ümumi sayı hardasa 40 min nəfərdir. Guya orada 120 min erməninin yaşadığı barədə deyilənlər tamamilə uydurmadır. İşğal dövründə Qarabağda hardasa 140 min erməni yaşayırdısa, müharibədən sonra onların sayı 2 dəfədən çox azalıb. Çünki həmin dövrdə ermənilər nəinki Qarabağda, ətraf rayonlarda da qanunsuz olaraq məskunlaşmışdılar. Ərazilərimizdə əkinçiliklə məşğul idilər, meşələrimizi qırıb daşıyırdılar, sərvətlərimizi talayırdılar, müəyyən mədənlər var idi, 30-dan artıq su elektrik stansiyaları tikmişdilər və s. Bütün bunlar əldən çıxandan və Şuşa şəhəri, Xocəvənd rayonunun 70 faizi azad edilən sonra Qarabağda yaşayan ermənilərin sayı xeyli azalıb. Üstəlik, hər il Ermənistan separatçı quruma 470 milyon dollar həcmində vəsait ayırır. Bu vəsait olmasa orada 1 nəfər erməni qalmaz. Belə olan halda hansı 1 milyard dollarlıq ÜDM-dən söhbət gedə bilər? Bu, sadəcə olaraq gülməlidir. Ona görə ki, həmin statistik rəqəmlərin reallıqla heç bir əlaqəsi yoxdur. Separatçıların nəzarətində olan ərazidə o qədər məhsulun istehsalı mümkünsüzdür. Erməni tərəfi rəqəmləri şişirdir”.
Vidadi ORDAHALLI