Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yyana Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub:
"Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 2023-cü il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb".
Qeyd edək ki, İranda vətəndaşlarımızın naməlum səbəbdən oğurlanaraq, sonra həbsə salınması ilk fakt deyil.
Yaxın keçmişdə Azərbaycanın üç ədəbiyyat adamının İranda yoxa çıxması və yalnız bir neçə gündən sonra həbsdə saxlanılmalarına dair məlumatın əldə edilməsi, yəqin ki, yaddan çıxmayıb. 2012-ci il mayın 2-də iki gənc şairimiz - Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) İranda həbs olundu. Üç ay müddətində həbsdə qalan gənclər ora ədəbi müsabiqədə iştirak üçün getsələr də, İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdılar. Gənc şairlər yalnız Azərbaycan dövlətinin məsələyə müdaxiləsindən sonra azad olundular.
Bundan bir il sonra, 2013-cü ilin 30 aprelində isə AMEA Nizami adına Ədəbiyyat İnsitutunun əməkdaşı, Güney ədəbiyyatı və Şəhriyar üzrə araşdırmaçı Xalidə Xalid də İranda həbs olundu. Xalidə xanım həmin ilin iyun ayında azad edildi. Maraqlıdır, İran indi də vətəndaşlarımızı oğurlamaqla məşğul olur. Belə münasibətlərdən sonra vətəndaşlarımız İrana səfər etməlidirmi?
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov qəzetimizə bildirdi ki, İranın bu cür addımlarında təəccüblü nəsə yoxdur: “Çünki bizə qarşı olan ənənəvi münasibətini ortaya qoyur. Bu dəfə düşmənçiliyini tam açıq müstəviyə keçirib. İran bundan əvvəl də bizim bir sıra tanınmış şəxslərimizlə bağlı analoji davranış sərgiləyib. Yadınızdadırda, illər əvvəl iki gənc şairimizə, AMEA-nın xanım əməkdaşına qarşı da eyni cür addım atdılar. Əvvəl insanlar yoxa çıxır, səs-küy yaranandan sonra onların həbsə saldıqlarını boyunlarına alırlar. Təbiidir ki, bütün bunlar İranın əsl simasını açıb ortaya qoyur. Sonradan məlum olur ki, həbs adı ilə saxladıqıarı adamlarla bağlı heç bir fakt ortaya qoya bilmirlər. Belə addımları atmaqda əsas məqsədləri saxladıqları adamları öz xeyirlərinə əməkdaşlığa cəlb etməkdir. Bu alınmayanda, oğurladıqları adamları həbs amili ilə ört-basdır edirlər. Artıq bu köhnə variantlar keçərli deyil. Yaxşı olar ki, İran bizim notamızdan nəticə çıxarsın və Almaniyada oxuyan tələbəmizi azad etsin. Aydındır ki, həmin şəxs Avropada təhsil aldığı üçün onların diqqətini cəlb edib. Onlar bizə qarşı bacardıqları bütün nankorluqları ediblər. Ermənilərə nəfəslik verməklə torpaqlarımızın işğağının ömrünü uzatdılar. 44 günlük müharibədın sonra açıq şəkildə bizim qələbəmizi həzm edə bilmədiklərini büruzə verirlər. Səfirliyimizdə törətdikləri terror da göz qabağındadır. Bütün bunlar bir daha İranın bizimlə açıq düşmənçilik etdiyini ortaya qoyur”.
Məhəmmədəli QƏRİBLİ