ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə aparıcı müşaviri Luis Bono Bakıdan sonra İrəvana gedib.
Bono Ermənistan rəsmiləri və digər şəxslərlə görüşərək, ABŞ-ın Qarabağ məsələsinin davamlı siyasi həlli də daxil olmaqla, hərtərəfli sülhə nail olunmasına yönəlmiş Ermənistan-Azərbaycan danışıqlarına dəstəyini müzakirə edib. Görüşlərdən əvvəl L.Bono İrəvandakı qondarma “soyqırım” abidəsini ziyarət edib.
L.Bononun tutduğu vəzifə statusuna baxsaq görərik ki, onun vəzifəsi Qafqazda normallaşma üzrə üzərinə düşən işləri görməkdir. Məgər, L.Bononun vəzifəsinə daxildir ki, gedib hansısa abidəni ziyarət etsin? Bilə-bilə ki, bu, bölgədə müəyyən qıcıq yaradır. Ən azından onun bu addımı Türkiyəni, Azərbaycanı qıcıqlandırır. Belə olan halda L.Bono normallaşma ilə necə məşğul ola bilər? Belə normallaşdırıcı səfir olar?
“Birləşmiş Ştatlar Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını istəyirsə...”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, L.Bononun vəzifə statusuna baxsaq onun səfər protokoluna qondarma “erməni soyqırımı” abidəsinin ziyarətinin salınması təəssüf doğurur: “Necə olur ki, ABŞ-ın Azərbaycandakı səfiri Şuşaya getmir, amma L.Bono İrəvanda qondarma abidəni ziyarət edir? O baxımdan onun bu addımını böyük siyasi səhv hesab edirəm. Çünki bir çoxlarına məlumdur ki, Ermənistanın soyqırım iddiaları tamamilə səhvdir. Ancaq Birləşmiş Ştatlar başda olmaqla bir səra Qərb ölkələri qondarma “soyqırımı” tanıyaraq bundan Türkiyəyə qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Bunun nəticəsi idi ki, Cozef Bayden prezident olan kimi, qondarma “soyqırımı” tanıdığını bəyan etdi. Bütün bu haqsızlıqlar azmış kimi, normallaşma üzrə səfir İrəvanda belə yanlış addım atır. Belə addım, əlbəttə ki, müsbət niyyətlərdən xəbər vermir. Birləşmiş Ştatlar Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını istəyirsə, Qafqazda dayanıqlı və sağlam münasibətlərin qurulmasını arzulayırsa, o zaman belə qıcıq doğuran addımlar atmamalıdır. Çünki bu, son nəticədə Vaşinqtonun regiondakı maraqlarına zərər vurur. Nəzərə almaq lazımdır ki, Ermənistan zaman-zaman bu kimi hallardan öz siyasi məqsədləri üçün istifadə edir. Onlar nəzərə almalıdılar ki, Ermənistan cəmiyyəti xəstə bir toplumdur. Erməniyə hansısa güzəşt etsən, o əsla bununla kifayətlənməyəcək. Növbəti dəfə daha çox güzəşt istəyəcək. Üstəlik, Cənubi Qafqazda indiki dövrdə geosiyasi mübarizə getdikcə kəskinləşir. Bəlli deyil 5 aydan sonra regionda qüvvələr nizbəti necə olacaq. Belə bir situasiyada Birləşmiş Ştatlar maksimum balanslı siyasət yeritmək əvəzinə, Ermənistana real olmayan ümidlər verir. Bu da, əlbəttə ki, müsbət hal deyil”.
Vidadi ORDAHALLI