“Keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq”. Bu barədə Prezident İlham Əliyev Latviya prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Ölkə başçısının sözlərinə görə, biz sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq: “Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq”.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev Qafqazda yeni inkişaf mərhələsi açmaq istəyir.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi olarsa, bu, regionun sürətli inkişafına və çiçəklənməsinə təkan verəcək”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Azərbaycan Qafqaz regionunda sülhün, sabitliyin əsas qalalarından biridir: “Ərazilərimiz işğal altında olan dövrlərdə də Azərbaycan bölgədə gərginliyin və aqressiyanın aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirib. Eyni zamanda vurğulamışıq ki, Cənubi Qafqaz regionu dirçələn, çiçəklənən, müharibənin, aqressiyanın və eyni zamanda dövlətlərarası, xalqlararası ixtilafların olmadığı bir məkana çevrilməlidir. Bununla bağlı ölkəmiz tərəfindən mühüm cəhdlər edilir. Bu gün Azərbaycan çox böyük coğrafiyaları əhatə edən fikirlərin, ideologiyaların əsas mərkəzlərindən biridir. Ölkəmizin belə uğurları və eyni zamanda coğrafiyaları aşan vasitəçilik missiyası, həmçinin siyasi proseslərin önündə getməsi Azərbaycanın bu potensialını ortaya qoyur. Ölkə başçısı Latviya prezidenti ilə görüşündə Azərbaycanın bu potensialını bir daha göstərmiş oldu. Həqiqətən də Cənubi Qafqaz güclü inkişaf edən regiona çevrilmək potensialına malikdir. Cənubi Qafqaz ölkələrinin potensialı, Baltik ölkələri ilə müqayisədə daha böyükdür. Həm əhalinin sayı baxımından, həm də resursların zənginliyi baxımından. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh sazişi olarsa, bu, regionun sürətli inkişafına və çiçəklənməsinə təkan verəcək. O baxımdan Azərbaycanın bu məsələdə mövqeləri aparıcı və həlledicidir. Ölkəmizin təklif etdiyi 3+3 platforması da regional əməkdaşlıq kontekstlərinin dərinləşdirilməsini özündə ehtiva edir. Bu baxımdan hesab edirəm ki, prezidentimizin mesajları önəmli əhəmiyyət kəsb edir. Azərbaycanın regional mənada iqtisadi-siyasi, kommunikasiya ittifaqlarının formalaşmağındakı mövqeyi həm də Ermənistanla sülhü təşviq edir. Hesab edirəm ki, bütün bu prosesin qarşısını alan qüvvələrə rəğmən, Cənubi Qafqazda yeni bir iqtisadi-siyasi model formalaşmış olacaq”.
Vidadi ORDAHALLI