“Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına zərər vurmayacaq”. Bunu Prezident İlham Əliyev ADA Universitetində bu dəhlizlə bağlı iranlı mütəxəssislərin səsləndirdiyi narahatlığa dair bu ölkə jurnalistinin verdiyi sualı cavablandırarkən deyib.
Ölkə başçısının sözlərinə görə, sərhədlərlə bağlı narahatlıqlar tamamilə əsassızdır: “Müharibədən sonrakı dövrün əvvəllərində bəzi narahatlıqlar var idi. İranın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana səfər etdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və xarici işlər nazirinin müavini Abbas Əraqçı ilə nəzər nöqtələrimizi ətraflı müzakirə etdik. Ortaq zəmin tapdıq. İranın nümayəndə heyəti daha sonra Rusiyaya, Türkiyəyə səfər etdi, eyni məsələni müzakirə etdilər və tam konsensusa nail oldular. İran bu layihəni və həmçinin, "3+3" formatını dəstəkləyir”.
Dövlət başçısı onu da vurğulayıb ki, bu, İranı heç bir şəkildə Ermənistandan ayırmayacaq, bu, dəmir yollarının, yolların birləşməsi olacaq: “Yəni onları heç bir şəkildə ayırmayacaq, kiminsə maraqlarına zərər verməyəcək. Əksinə, İranın Naxçıvan dəmir yolu ilə Yerasxa, Ermənistana çıxışına imkan verəcək. Bu layihədə İranın bizə tam dəstək verdiyini düşünürəm”.
Bu bir daha Zəngəzur dəhlizinin guya Ermənistanı İrandan ayıracağı ilə bağlı səslənən fikirlərin əsassız olduğunu göstərdi. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
“Dəhliz işə düşəndən sonra iki ölkə arasında dəmir yolu əlaqəsi bərpa olunacaq”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Zəngəzur dəhlizinin guya Ermənistanı İrandan ayıracağı ilə bağlı səslənən fikirlərin, ümumiyyətlə, heç bir əsası yoxdur: “Əksinə, sözügedən dəhliz həm Ermənistan, həm də İran üçün yeni imkanlar yaradacaq. İqtisadi-ticarət əlaqələri genişlənəcək. İran üçün bunun sayəsində iki dəyişiklik baş verəcək. Biri odur ki, hazırda Ermənistanla İran arasında dəmir yolu yoxdur. Zəngəzur dəhlizi işə düşəndən sonra iki ölkə arasında dəmir yolu əlaqəsi bərpa olunacaq. Daha bahalı Ermənistan-İran dəmir yolunun tikintisinə ehtiyac olmayacaq. Zatən, bu layihə illərdir kağız üzərindədir. Nəticədə tərəflər istənilən həcmdə yük daşıya biləcəklər. Yəni mal dövriyyəsi nə qədər çox olsa, dəmir yolu onun öhdəsindən gələcək. İkinci dəyişiklik odur ki, Zəngəzur dəhlizini ayrıca olaraq Rusiya sərhədçiləri qoruyacaqlar. Onsuz da Mehri ilə İran sərhədini rus sərhədçiləri qoruyurlar. Ona görə də sözügedən dəhliz hər iki ölkə üçün, o cümlədən, İran üçün faydalıdır. İranda və Ermənistanda müəyyən dairələrin bunu qaralamaq cəhdlərinin arxasında müəyyən konyuktur maraqları dayanır”.
Politoloq onu da qeyd etdi ki, hansısa qüvvələr dəhlizin reallaşmasının qarşısını ala bilməyəcəklər.
Vidadi ORDAHALLI