Əvvəldən də gözlənildiyi kimi, Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkiləri fonunda Nikol Paşinyan iqtidarı siyasi rəqiblərini daha çox inzibati metodlarla sıradan çıxarmağa cəhd edəcək. Bu, xüsusən də Paşinyan iqtidarı üçün digərləri ilə müqayisədə daha böyük təhdid hesab edilən “Qarabağ klanı”na aiddir.
Ermənistan mediasında yer alan məlumatlardan belə bəlli olur ki, “Qarabağ klanı”na qarşı artıq inzibati metodlar işə salınıb. Özü də bu o vaxt baş verir ki, “Qarabağ klanı” daxilində ziddiyyətlər dərinləşir. Xatırladaq ki, Ermənistanda nəşr olunan “Qraparak” qəzeti də bu günlərdə sözügedən xüsusda maraqlı bir məlumat yaymışdı. Qəzet yazırdı ki, Ermənistan müxalifəti əsas qüvvələri birləşdirərək seçkilərə vahid birliklə, bu da olmasa, bir neçə böyük blokla gedə biləcəyinə ümid edirdi, amma məyus oldu. Nəşr Ermənistan müxalifətinin liderləri arasında kəskin fikir ayrılıqlarının yarandığına diqqət çəkib: “Bu günlərdə bir çox müxalifətçi böyük bir birləşmənin uğursuz olmasından, hətta kiçik birləşmələrin parçalana biləcəyindən məyus olub. Müxalif cəbhədə əsəblər tarıma çəkilib. Kulislərdə gedən müzakirələrdə parçalanmanın əsas günahkarları kimi Serj Sarkisyan və Robert Köçəryanın adını çəkirlər. İddiaya görə, sabiq prezidentlər Nikol Paşinyanla yox, bir-biri ilə daha çox mübarizə aparırlar. Fikir ayrılıqlarını kənara qoyub birləşə bilsəydilər, Paşinyana çətinlik yarada bilərdilər”. Qəzet qeyd edib ki, Köçəryandan fərqli olaraq, Sarkisyan yenidən hakimiyyətə gəlməkdə maraqlı görünmür: “Sarkisyan daha çox özünün komandasının məsələlərini həll etməyə çalışır. Köçəryana gəlincə, onun bir çox əsassız ambisiyaları var, heç kimə güzəştə getmək istəmir, dominant fiqur olduğunu və bu səbəbdən də siyahını təkbaşına hazırlaması lazım olduğunu düşünür. Buna görə Köçəryanın ətrafında birləşməyə hazır olan bir çox siyasi qüvvə, o cümlədən daşnaklar tərəddüd etməyə başlayıblar: bu qatarda sonuncu vaqon olmaq istəmirlər”. Qəzet yazır ki, müxalifətin belə parçalanması yalnız Nikol Paşinyanın xeyrinədir.
Yuxarıda qeyd edildiyi kimi, bu vəziyyətdə Paşinyan “Qarabağ klanı”na qarşı inzibati metodları işə salıb. Belə ki, Ermənistanın Baş Prokurorluğu Serj Sarkisyanın dövlət sirlərini açması iddiaları ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət edib. ”Azatutyun” radiosuna açıqlamasında Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan bildirib ki, Serj Sarkisyan “Armnyus” telekanalına müsahibəsində iqtidarı müharibə vaxtı ordunu qarət etməkdə günahlandırmışdı: “Məsələn, o deyib ki, müharibə günlərində hökumət Müdafiə Nazirliyinin məlumatı olmadan zirehli jiletlər alıb. Onun dediyinə görə, jiletlərin qiyməti bazar qiymətindən dəfələrlə çox göstərilib. Sarkisyan deyib ki, hökumət hər bir jiletə 600 dollar xərcləyib. Keçmiş prezident bunu da bildirib ki, o hakimiyyətdə olduğu vaxt maliyyə mənbələri dəqiq göstərilməklə müasir silahların alınması planı təsdiqlənib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri də daxil, bu silahlar – 2500 PUA 2024-cü ilədək alınmalıymış. Döyüş dronlarından 1000 ədədi Ermənistana 2020-ci ilədək verilməliymiş, lakin Nikol Paşinyanın hökuməti bu proqramı dəyişib”.
Keçmiş prezidentin vəkili Aram Makinyan “Azatutyun”a deyib ki, üçüncü prezidentə qarşı cinayət işləri idarə olunan prosesdir: “Mən bütün bu prosesi absurd kimi qiymətləndirirəm. Serj Sarkisyan dövlət sirləri ilə 20 illik iş təcrübəsinə malikdir. O, informasiyanın və dövlət sirrinin nə olduğunu yaxşı bilir. Mən bir ritorik sual verəcəyəm: iki ay əvvəl verilmiş müsahibə niyə onların yadına indi düşüb?”. Bu arada Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs edilib. Bu qərar Kassasiya Məhkəməsində qəbul olunub. Məhkəmə Narek Sarkisyanın 25 milyon dram (48 min dollar) müqabilində zaminə buraxılmasına dair Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. Apelyasiya Məhkəməsinin qərarından şikayəti baş prokurorun müavini Gevork Bağdasaryan vermişdi. Narek Sarkisyanın vəkili Artur Pivazyan “Azatutyun”a bildirib ki, Kassasiya Məhkəməsinin qərarı hələ ona verilməyib. 33 yaşlı Narek Sarkisyan narkotik vasitələrin dövriyyəsində və qanunsuz silah saxlamaqda ittiham olunur. Bundan başqa, Narek Sarkisyan bir qrup şəxslə əvvəlcədən razılaşdırılmaqla Aram Karapetyanın oğurlanmasında ittiham olunur.
Xatırladaq ki, Narek Sarkisyan 2018-ci ildə Interpolun və Çexiya polisinin əməkdaşları tərəfindən Praqadakı mənzillərdən birində saxlanıb. O, həmin ilin iyulundan axtarışa verilmişdi. Polisin verdiyi rəsmi məlumata görə, keçmiş prezidentin qardaşı oğlu Qvatemala vətəndaşı Franklin Qonzalesin adına saxta pasportla saxlanıb. Ötən ilin iyununda Çexiya məhkəməsi Narek Sarkisyanın Ermənistana ekstradisiyasına dair İrəvanın ricasını təmin edib.
Ermənistanın əslən qarabağlı daha bir keçmiş prezidentinin də cinayət təqibi davam edir. Söhbət Robert Köçəryandan gedir. Düzdür, iki həftə bundan əvvəl Robert Köçəryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı üzrə cinayət işi bağlanıb. Beləliklə, Köçəryan artıq “1 mart” işi üzrə müttəhim sayılmır. Lakin prokuror Petros Petrosyan bildirir ki, baş prokuror Cinayət Prosessual Məcəlləsinin iki maddəsinin konstitusiyaya uyğunluğu məsələsinə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Cinayət Prosessual Məcəlləsinin bu maddələri Köçəryana qarşı ittiham maddəsinin dəyişdirilməsinə imkan vermir. Petrosyanın sözlərinə görə, Konstitusiya Məhkəməsi sözügedən maddələri də ləğv etsə, Köçəryan və başqa müttəhimlərə qarşı yeni ittiham irəli sürüləcək. Bundan başqa, məhkəmədə Köçəryana qarşı rüşvət ittihamı da davam edir. Seçkilərə kimi sabiq prezidentlərin yenidən həbsə atılması istisna olunmur.
Nahid SALAYEV