Putin Qarabağda vəziyyətin normallaşmasını niyə ən kəskin problem sayır…

Tofiq Abbasov: “Putin gərginlik deyəndə, dolayısı ilə Ermənistanın təxribatlarını nəzərdə tutur”

img

Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib ki, Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problem kimi qalır: “Sözsüz ki, ikitərəfli münasibətlər baxımından bizim danışacaq məsələlərimiz var. Əlbəttə, ən aktual, ən kəskin problem Dağlıq Qarabağ və ətrafında şəraitin normallaşmasıdır”.

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

Maraqlıdır, Putin niyə Qarabağda vəziyyətin normallaşmasını ən kəskin problem sayır və bu kontekstdə hansı detalları nəzərdə tutur?

Politoloq Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  danışıqların başlıca mövzusu bağlı qapılar arxasında qalır və biz yalnız təxminlər irəli sürə bilərik: “Putin deyə bilməz ki,  birbaşa ermənilər vəziyyəti gərginləşdirir. Ola bilsin, Rusiya üçün baş moderator kimi oradakı vəziyyət problemlər törədir və o, situasiyanı cilovlamaq üçün əziyyət çəkir. Bu faktdır ki,  ermənilər məğlubiyyətlə barışmaq istəmədikləri üçün müəyyən təxribatlar törədirlər. Biz qalib tərəfik. Ermənistanla indiyə kimi olan kompromislər dili ilə deyil, tələbkarlıqla danışmalıyıq. Tələb etməliyik ki, problem yaratmasınlar. Buna meylli olsalar, yenə də başlarından zərbə endirəcəyik”.

Politoloqun sözlərinə görə, birinci müharibədə biz məğlub vəziyyətindəydik: “Sakit şəkildə geriyə çəkilib, öz torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atmağa başladıq. Kimsə buna inanırdı, kimsə şübhə ilə yanaşırdı. Sübut etdik ki, sözümüzün arxasında durmağı bacarırıq. Putin bunu anlayır. Ermənistan Rusiya ilə müttəfiqliyindən sui-istifadə etməyə çalışır. Sanki ərköyün davranmaqla, öz təxribatlarını ört-basdır edir. Ancaq biz 44 günlük müharibənin gedişində gördük ki, Rusiya bu məsələyə müdaxilə etmədi. Bildirdi ki, Azərbaycan əks-hücumla öz ərazilərini işğaldan azad edir.  Bütün bunlar ermənilər üçün dərs olmalıdır. Əks təqdirdə, yenidən yumruğu başlarının üstündə görəcəklər. Putin gərginlik deyəndə, dolayısı ilə Ermənistanın təxribatlarını nəzərdə tutur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər