Ermənistanın azərbaycanlılara qarşı bəşəri cinayətlər törətdiyini hətta “Amnesty International” da gizlədə bilmədi...

Samir Adıgözəlli: “...Ermənistanın beynəlxalq məhkəmə müstəvisində haqq etdiyi cəzanı alması üçün şərait yaradan amillərdən biridir”

img

Uzun illərdir Ermənistanın lobbiçiliyini edən bəzi beynəlxalq təşkilatlar artıq fakt qarşısında həqiqəti, gerçəkliyi etiraf etmək məcburiyyətində qalıblar.

“Amnesty International” təşkilatı öz məruzəsində Ermənistanın Dağlıq Qarabağda törətdiyi cinayətləri açıqlayıb. “Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib” fikrinin və digər fikirlərin qeyd edildiyi sənəddə bildirilir ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub.

“Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur”.

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: “Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib”.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Amnesty International” təşkilatının belə bir məruzə yayması və sənəddə Ermənistanın müharibə cinayətləri törətməsini təsdiqləməsi, bütün hallarda, bizim xeyrimizədir. S.Adıgözəllinin sözlərinə görə, Ermənistanın cinayətləri o qədər çoxdur ki, onu artıq beynəlxalq ictimaiyyətdən gizlətmək, bunu danmaq mümkünsüz hala çevrilib: “İkinci Qarabağ müharibəsində Ermənistan silahlı birləşmələrinin törətdiyi cinayətlərin beynəlxalq təşkilatlar tərəfindən artıq etiraf edilməsi onu göstərir ki, Ermənistan heç vaxt beynəlxalq hüquqdan yayına bilməz və o, haqq etdiyi cəzanı alacaq. Bilirsiniz ki, Ermənistan tərəf müharibə zamanı bizim hərbçilərin meyitinə qarşı qeyri-insani davranışlar sərgiləyib, hətta meyitə od vurub yandırıblar, bu cinayətlərini də videoya çəkərək sosial şəbəkələrdə, digər internet resurslarında “qəhrəmanlıq” kimi qələmə veriblər. Ermənistanın torpaqlarımızda törətdiyi müharibə cinayətləri, ermənilərin şəhid olmuş hərbçilərimizin nəşini təhqir etmələri, o cümlədən də hərbi əsirlərimizə işgəncə vermələri, onlarla insanlığa sığmayan şəkildə rəftar etmələrini əks etdirən videogörüntülər var və bu baxımdan da bu cinayətləri danmaq mümkün deyil. Bütün faktlar ortada olduğu üçün də “Amnesty International” təşkilatının Ermənistanın müharibə cinayətləri törətdiyini vurğulaması onu göstərir ki, başqa beynəlxalq təşkilatlar da, gec-tez, ermənipərəst mövqedən əl çəkəcəklər. Ermənilərə qarşı artıq dünyada münasibət dəyişir. Çünki artıq ermənipərəst mövqeyi ilə seçilən təşkilatların nüfuzu zədələnib, onlar öz imiclərini bərpa etmək üçün özlərini obyektiv təqdim etməyə çalışırlar. Bütün hallarda, təşkilatın yaydığı bu sənəd də Ermənistanın beynəlxalq məhkəmə müstəvisində haqq etdiyi cəzanı alması üçün şərait yaradan amillərdən biridir” - deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər