Rusiya MN-in bağışlanmaz səhvi - Xocavənd Amaras alban monastırı orta əsrlər Ermənistanının dini məbədi?

Azər Həsrət: “Hesab edirəm ki, Müdafiə Nazirliyimiz rəsmi şəkildə Rusiya Müdafiə Nazirliyinə müraciət edərək o səhvi düzəltdirməlidir”

img

Xristianların müqəddəs bayramı yaxınlaşar-yaxınlaşmaz, ermənilər yenidən monastır təxribatlarını davam etdirməyə başladılar. Bir müddət əvvəl Rusiya sülhməramlılarının dəstəyi və qoruması altında Kəlbəcərdəki Gəncəsər monastrına getməyə nail olan ermənilər, eyni qaydada indi də Xocavənd rayonu ərazisində yerləşən digər alman-xristian məbədi Amaras monastırına gediblər.

“Bayraqdar.info” xəbər verir ki, Rusiya sülhməramlıları Xocavənd rayonu ərazisində yerləşən Amaras monastırına ermənilərin ziyarətini təşkil ediblər. Pasxa bayramı münasibətilə təşkil edilən ziyarətdə 300-ə qədər erməni iştirak edib. Ruslar bu haqda xəbəri aprelin 5-də “Telegram” kanalı üzərindən yayıblar.

Rus mediası yaydığı xəbərdə bu ərazini orta yüzillər Ermənistan ərazisi kimi təqdim edir: “Amaras erkən orta yüzil xristian monastırlarından biri olmaqla Martuni rayonunun ərazisində yerləşir. Orta yüzil Ermənistanında məşhur dini və mədəni mərkəz statusuna sahib olub”.

Bu xəbər eyni şəkildə Rusiya Müdafiə Nazirliyinin saytında da verilib.

  • “Bu cür səhvlər üst-üstə yığılır və üstündən illər keçəndən sonra ermənilər onu “fakt” olaraq dünyaya təqdim edirlər”

Respublikanın Əməkdar jurnalisti, “Bayraqdar.info”-nun baş redaktoru, siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Amaras monastırı ilə bağlı Rusiya sülhməramlılarının yaydığı informasiyada, birmənalı şəkildə, “bura qədim Ermənistan dini abidəsidir” deyə iddialar yer alıb. “Təbii ki, ora Azərbaycan ərazisidir, Qarabağdır, Xocavənd ərazisidir, Amaras da alban abidəsidir, Rusiya sülhməramlıları da Azərbaycan torpaqlarında xidmət keçirlər. Mən bu məsələni aşkar etdim və ictimailəşdirdim, bundan sonra isə Rusiya Müdafiə Nazirliyinə elektron poçt üzərindən məktub yazdım. Ona görə ki, bu xəbər Rusiya Müdafiə Nazirliyinin də rəsmi saytında və sosial media hesabında da gedib. Maraqlıdır ki, bu xəbər hətta Rusiya Müdafiə Nazirliyinin internet saytında 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində verilib. Yəni, faktiki olaraq, sağa-sola erməni təbliğatı aparırlar. Bu nəyə görə baş verir? Birincisi, Rusiyanın özü bütövlükdə bu məsələdə səmimi deyil. Yəni Azərbaycan Rusiyaya etibar edib, etimad göstərib, inanıb, ancaq Rusiya bir daha göstərir ki, ona etimad etmək olmaz. İkincisi, belə imkanlardan, adətən, ermənilər və onların uzantıları, bir qayda olaraq, istifadə edirlər. Deyirlər ki, bir xəbərdir, yazıb keçəcəyik, heç kim də fikir verməyəcək”.

A.Həsrətin fikrincə, biz o boşluqları qapatmalıyıq və ermənilərin, yaxud onları dəstəkləyənlərin yolunu kəsməliyik. Azərbaycanın hər yerdə müşahidə aparmalı olduğunu deyən A.Həsrətin sözlərinə görə, dövlətimizin hər yerdə gözü olmalıdır və həmin boşluqları tapan kimi də qapatmalıyıq: “Ona görə də hesab edirəm ki, Müdafiə Nazirliyimiz rəsmi şəkildə Rusiya Müdafiə Nazirliyinə müraciət edərək o səhvi düzəltdirməlidir. Belə alınmazsa, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya dövlətinə müraciət edərək bu səhvi düzəltdirsin. Yəni biz susduqca, bu cür səhvlər üst-üstə yığılır və üstündən illər keçəndən sonra ermənilər onu “fakt” olaraq dünyaya təqdim edirlər ki, baxın, görürsünüzmü, filan vaxt Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında bu cür yazılmışdı, biz yazmırıq ki, bunu üçüncü tərəf yazıb. Ona görə də dövlətimiz ayıq-sayıq olmalıdır. Biz vətəndaş-jurnalist olaraq sayıqlığımızı göstərdik, bundan sonra atılacaq addımlar dövlət qurumlarının üzərinə düşür” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər