Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.
Dövlət başçısının sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif olunub. Onların arasında Dövlət Gömrük Komitəsinin əməkdaşları da var. Məlumat üçün bildirək ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüşlərdə Dövlət Gömrük Komitəsinin, ümumilikdə, 60 nəfər əməkdaşı iştirak edib.
“...onlar da digər döyüşçülər kimi yüksək vətənpərvərlik nümunəsi göstərərək fərqləniblər”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, ölkənin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunduğu, bütün xalqımızın böyük həmrəylik nümayiş etdirdiyi bu şərəfli dönəmdə ölkə Prezidenti hər kəsin səbrsizliklə gözlədiyi və həyəcanla dinlədiyi xalqa müraciətlərində, dünyanın nüfuzlu medialarına müsahibələrində diplomatik məharəti ilə milli maraqlarımızı uğurla müdafiə etdi, yalan və feyk xəbərlər üzərində qurulan erməni təbliğatını tam ifşa etdi: “İşğal olunan torpaqların azadlığı uğrunda yaşından, kimliyindən, çalışdığı sahədən asılı olmayaraq, hər kəsə orduya yollandı. Orduda iştirak edənlər arasında Gömrük Komitəsinin əməkdaşları da var. Gömrükçülər torpaqların azadlığı uğrunda böyük şücaət göstəriblər. Onlar da digər döyüşçülər kimi yüksək vətənpərvərlik nümunəsi göstərərək fərqləniblər”.
Günel CƏLİLOVA