...Dünyanın müxtəlif ölkələrində millət sevgisi ilə yaşayan, 50 milyonu cəm edən azərbaycanlıların hamısını bir yerə yığmaq mümkün deyildi.
Bunun üçün, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar arasında sıx, müntəzəm əlaqənin qurulması tələb olunurdu. Amma necə? Ulu Öndər Heydər Əliyev bu yolun müdrik komandiri, qalib sərkərdəsinə döndü. Özü də Odlar diyarı Azərbaycanı səcdəgah etməklə. Məhz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra onun fəaliyyətinin strateji istiqamətlərindən biri də həmrəylik ideyasının həyata keçirilməsi oldu. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində millətimizin dünya ölkələrinə səpələnmiş üzvləri arasında sərbəst əlaqələr yarandı, respublikamız 50 milyonluq xalqın ümid yerinə, müqəddəs məkanına çevrildi.
Dünya azərbaycanlıların həyatında əlamətdar gün olan 31 dekabrın başlanğıcı müdriklər beşiyi, igidlər yurdu qədim Naxçıvan torpağında qoyulmuşdu. Sovet imperiyasının dağılma ərəfəsində xalqımız böyük sınaqlar qarşısında qalmışdı. Hərc-mərclik, siyası gərginlik, ağır iqtisadi durum ölkəni iflic vəziyyətinə salmışdı. Ən əsası, qonşu işğalçı dövlətin Dağlıq Qarabağda bir-birinin ardınca Azərbaycanın yaşayış məntəqələrini zəbt etməsi, bölgənin respublikamızın tərkibindən zor gücünə qoparılması zəminində qəzəblənən xalq dünya ölkələrində yaşayan soydaşlara tarixin bu ədalətsizliyinə qarşı birgə çıxmaqdan ötrü müraciət etmək qərarına gəldi. Naxçıvan Muxtar Respublikasında vəziyyət dana dözülməz hala düşmüşdü. Blokada şəraitində yaşayan Muxtar Respublika həm də o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən tam unudulmuşdu. Ermənistanla 300 kilometrlik sərhəd boyu erməni silahlı qüvvələri SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı Varennikovun başçılıq etdiyi rus qoşunları ilə birlikdə Naxçıvana qarşı açıq işğalçılıq müharibəsi aparırdılar. Bütün bunlara görə 1989-cu ilin sonlarında Naxçıvanda əhali ayağa qalxaraq Azərbaycanı ikiyə bölən tikanlı məftillərdən ibarət sərhədlərin sökülməyini tələb etdi. SSRİ sərhəd qoşunları bu aksiyaya mane olmağa çalışsalar da, tarixə “Sərhəd hərəkəti” adı ilə düşən bu hərəkətin qarşısını almaq mümkün olmadı.
Sədərəkdən başlayaraq Ordubadın ən ucqar kəndinədək – Araz çayı boyunca çadırlar quruldu, əhali axın-axın çadırlara toplaşdı. Mərkəzin gördüyü ən sərt tədbirlərə baxmayaraq, 31 dekabr 1989-cu ildə saat 12:00-da sərhədi qırmaq qərara alınmışdı. Əyinlərində ağ kəfən, əllərində benzin dolu butulkalar olan 4 nəfər Nehrəm kənd sakini sərhəd dirəklərinə yaxınlaşdı. Heyrətamiz bir vəziyyət yarandı. Xalqın müqavimətini qırmaqdan ötrü sərhəd boyunca toplanmış Sovet qoşunlarının əsgərləri, eləcə də İran qoşun dəstələri bu vəziyyətdən şoka düşdülər. 4 nəfərin ardınca bütün naxçıvanlılar cəsarətlə sərhədə axışaraq tikanlı məftilləri böyük qəzəb və nifrətlə qırıb, illərdən bəri ürəkləri bir-birinə qovuşmaq, görüşmək arzusu ilə çırpınan insanların həsrətinə son qoydular.
Sevindirici haldır ki, həmin gün naxçıvanlıların bu təşəbbüsünə digər bölgələrimiz, Cəlilabad, Lənkəran rayonlarının mərd insanları da qoşuldular. Tarixə “ Sərhəd hərəkatı” adı ilə düşən hadisə dünya ictimaiyyətinin diqqətini özünə çəkməklə azərbaycanlıların həyatında böyük nailiyyətə çevrildi. Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin və həmrəyliyin yaranmasında ilk addım belə atıldı. Dünya azərbaycanlıların əlaqələrinin qurulmasına böyük önəm verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qəbul olunması barədə qərar verdi və onun rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Ali Sovetinə təklif edildi. Təəssüf ki, həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda aparılan çəkişmələr, ən başlıcası, rəhbərliyin xalqın taleyinə göstərdiyi biganəlik üzündən təklif cavabsız qaldı. Yalnız dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu milli birlik və həmrəylik müxtəlif səbəblərə görə respublikamızdan uzaq düşən, dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı soydaşımızı birləşdirdi, həm də Azərbaycanımızın inkişafına xüsusi stimul verdi. Bəli, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri ilə 31 dekabrın tarixə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi düşməsindən sonra dünyanın bütün dövlətlərində yaşayan azərbaycanlılar respublikamızı özlərinə müqəddəs bir ocaq sayırlar. 29 ildir ki, bu gün təkcə müstəqil respublikamızda deyil, planetimizin müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də yüksək səviyyədə bayram edilir və onlar yaxşı başa düşürlər ki, milli-mənəvi dəyərlərini yaşadan Azərbaycan adlı müstəqil dövlətləri var. Bu gün məhz müstəqil Azərbaycan Respublikasının mövcudluğu dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızın həmrəyliyi, birliyi üçün real şərait yaradır. Respublikamız inkişaf etdikcə, həmrəyliyimiz daha da möhkəmlənir.
Zəfər ORUCOĞLU Azərbaycan jurnalistlər Birliyinin üzvü (“İlin vətənpərvər adamı” media mükafatçısı)