Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün işdən çıxarılan Elmar Məmmədyarov "Azadlıq radiosu"na müsahibə verib. Həmin müsahibədə belə bir fraqment də var.
Jurnalist sabiq nazirdən soruşur ki, “Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla bağlı açıqlama vermədi ki, bu şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik”. E.Məmmədyarov suala qısa cavab verir: “Mən də təkrar edirəm - bu, şəxsi məsələdir”. Jurnalist bu fikirlə razılaşmır: “Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı?!” E.Məmmədyarov yenə əvvəlki mövqeyində qalır: “Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər”. Jurnalist bu dəfə də razılaşmır: “Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz…”
“Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?”- deyə eks nazir suala sualla cavab verir.
Belə olanda jurnalist sualı başqa cür qoyur: “O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili?”
“Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”, - deyə sabiq nazir bu dəfə də olduqca sakit və arxayın cavab verir...
Sabiq XİN rəhbərinin adı ətrafında hallanan bu qalmaqal və Məmmədyarovun bu məsələyə verdiyi reaksiya məmurlar haqda hansı təsəvvür yaratmış olur?
İlqar Hüseynli: “Son 5 ildə adı böyük korrupsiya əməllərində halanan indiki və sabiq məmurlarla bağlı ciddi araşdırmalar aparılmalıdır”
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda vəzifəli şəxslərin gəlirləri ilə bağlı bəyannamə verməsi ilə bağlı qanunvericilik tələbi olsa da, buna lazımi şəkildə əməl edilmir: “Azərbaycanda gəlirlərini bəyan edən və gəlir deklarasiyası verən vəzifəli məmur tanımırıq. Hətta parlamentin deputartaları belə, gəlir deklarasiyasını vermir. Ona görə də bunlarda arxayınçılıq yaranır. Qanunvericilikdə məmurların bizneslə məşğul olması qadağan edilirsə, onda onlar bu qədər vəsaiti hardan alır? Bu sual haqlı olaraq yaranır və bunu hər bir sadə Azərbaycan vətəndaşı nazirə ünvanlaya bilər. Çünki o nazir bizim ödədiyimiz vergidən formalaşan büdcədən maaş alıb. Məmmədyarovun əmək haqqını 5 min manat kimi hesablasaq və onu illərə vursaq görəcəyik ki, həmin pulla 4 milyon dollarlıq mülk almaq qeyri mümkündür. Məmmədyarovun cavabı çox qüsurludur. Yəqin ki, o bunu cəzasız qaldığı üçün edir. Onun kimi bir çox məmurlar var ki, büdcəni talayıb, indi gedib kənarda sakitcə oturublar. Onların fəaliyyəti yenidən araşdırılmalıdır. Bunlar gizlətmədən milyonlarla pul barədə elə danışırlar ki, sanki belə də olmalıdır. Hətta bunu araşdıran ekspert və jurnalistlərə sanki dəli kimi baxırlar. Hesab edirəm ki, mediada gedən bu cür materiallar əlaqədar qurumlar tərəfindən lazımi şəkildə araşdırılsa, bütün həqiqətlər ortaya çıxar. Bütün bunlar bir daha sübut edir ki, biz büdcəni korrupsiyadan xilas etmək istəyiriksə, mütləq mənada məmurlar gəlirləri barədə deklarasiya təqdim etməlidir”.
Ekspertin sözlərinə görə, son 5 ildə adı böyük korrupsiya əməllərində halanan indiki və sabiq məmurlarla bağlı ciddi araşdırmalar aparılmalıdır.
Məhəmmədəli QƏRİBLİ