“Hazırda Qarabağda atəşkəs yaranıb. Rusiya sülhməramlıları meydandadır. Birgə Monitorinq Mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır”.
Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.
Çavuşoğlu ortaq Monitorinq Mərkəzinin faydalı olacağını bildirməklə yanaşı, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda birgə mətbuat konfransında səsləndirdikləri fikri də xatırlatdı: “Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik”.
Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini də vurğulayıb: “Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, Monitorinq Mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın”.
Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, indi söz Ermənistandadır? Altılıq formatından irəli gələn məsələlərin həlli ilə bağlı Ermənistan konkret hansı addımlar atmalıdır?
“Ya əməkdaşlıq yolunu tutub ölkəni inkişaf etdirməlidir, ya da...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Çavuşoğlu, əslində, bununla bağlı Ermənistana açıq mesaj verdi: “Çünki altılıq formatı çərçivsində əməkdaşlığa həvəsli görünməyən Ermənistandır. Nəzərə almaq lazımdır ki, bu format çərçivəsində əməkdaşlıq edəcək 6 ölkədən beşi müxtəlif formada öz aralarında ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq edirlər. Məsələn, Azərbaycan, Gürcüstan, Türkiyə arasında enerji, nəqliyyat sahəsində sıx əməkdaşlıq formatı var. O cümlədən, Rusiya, İran, Azərbaycan arasında əməkdaşlıq formatı mövcuddur. Şimal-Cənub Nəqliyyat Dəhlizinin bərpası istiqamətində işlər gedir. Bu dəhlizin tərkib hissəsi olan Rəşt-Qəzvin dəmir yolunun tikintisi ilə bağlı Azərbaycan İrana kredit verib. Bütün bunlar onu göstərir ki, altılıq formatı çərçivəsində əməkdaşlıq əlaqələri qurulandan sonra iqtisadi münasibətlər yeni müstəviyə keçəcək və bütün tərəflər bundan faydalanacaq. Ermənistan sözügedən formatda o şərtlə iştirak edə bilər ki, təcavüzkarlıq siyasətindən əl çəksin. Azərbaycan və Türkiyəyə qarşı olan düşmənçiliyə son qoysun. O baxımdan Ermənistan hakimiyyəti seçim etməlidir. Ya əməkdaşlıq yolunu tutub ölkəni inkişaf etdirməlidir, ya da əvvəlki mövqeyində qalıb Ermənistanı məhvə aparmalıdır”.
Şərqşünas onu da qeyd etdi ki, Ermənistan cəmiyyəti xəstə ideologiyalarından imtina etməsə, onlar üçün nicat yolu olmayacaq.
Vidadi ORDAHALLI