Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin artırılması məsələsinə aydınlıq gətirib.
Rusiya prezidentinin fikrincə, Qarabağda sülhməramlıların sayını artırmaq olar. O bunun yalnız münaqişə tərəfləri ilə razılaşmaqla mümkün olacağını bildirib: “Sülhməramlılarımızın sayının artırılması mümkündür, ancaq bu xüsusilə Azərbaycan tərəfi də daxil olmaqla, bütün münaqişə tərəfləri ilə razılaşdırılarsa, mümkün olar. Çünki əvvəlcə sülhməramlılarımızın sayını müzakirə etmişik və bu rəqəm razılaşdırılıb”.
Proseslərin gedişindən asılı olaraq hansısa mərhələdə Qarabağda sülhməramlıların sayının artırılmasına zərurət yarana bilər. Çünki Dağlıq Qarabağdan didərgin salınan azərbaycanlıların bir vaxtlar yaşadıqları yerlərə qayıtması, oralarda bərpa işlərinin aparılması və digər səbəblər üzündən hazırkı sülhməramlıların sayı yetərli olmaya bilər. Putin də sayın artırılmasına qarşı deyil.
O baxımdan maraqlıdır, bu artım ehtiyacından istifadə edərək oraya türk sülhməramlıları əlavə etmək olarmı?
“Yoxsa, bu ancaq rus əsgərləri hesabına olacaqsa, o zaman bu, Azərbaycanın mənafeyinə uyğun deyil”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, sülhməramlılar artırılacaqsa, bu, türk əsgərləri hesabına olmalıdır: “Putinin hər dediyinə inanmaq çətindir. Çünki o bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, o biri tərəfdən də deyir sülhməramlıların sayını artırmaq olar. Fikrimcə, bizə sülhməramlıların sayını artırmaq lazım deyil. Heç buna ehtiyac da yoxdur. Çünki Azərbaycan Ordusu oradadır və öz ərazimizi qoruyuruq. Putin dedi ki, sülhməramlıların sayının artırılması ilə bağlı bütün münaqişə tərəflərinin razılığı lazımdır. Bu nə deməkdir? Bu o deməkdir ki, ermənilər Türkiyə Ordusunun bu prosesdə iştirakına razı olmazlar. Elə etmək lazımdır ki, Ermənistan buna razılaşmağa məcbur olsun. Onlar deyəcək ki, ruslar gəlsin. Bu da bizim mənafeyimizə uyğun deyil. Ona görə də sülhməramlıların sayı artırılacaqsa, bu, türk əsgərləri hesabına olmalıdır. Yoxsa, bu ancaq rus əsgərləri hesabına olacaqsa, o zaman bu, Azərbaycanın mənafeyinə uyğun deyil. Çünki rus sülhməramlılarının rəhbəri gedib Qarabağ separatçılarının başçısı ilə qucaqlaşır. Hesab edirəm ki, biz bu kimi məqamları nəzərə almalıyıq”.
Partiya sədrinin fikrincə, Azərbaycan bu kimi məsələlərdə son dərəcə diqqətli olmalıdır.
Vidadi ORDAHALLI