“İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılmışdı.
Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilib ki, Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək. Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin, Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək”. Bu fikirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bir neçə gün əvvəl yaydığı bəyanatda əks olunub.
Maraqlıdır ki, erməni medaisı bu satış-sərginin baş tutması haqqında heç bir məlumat vermir.
Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçirilibmi?
Məsələni araşdırmaq üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
“...bu məsələnin beynəlxalq hüquq müstəvisində öz həllini tapmasını vacib hesab edirik”
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə “Bakı-Xəbər”ə bildirdi ki, artıq erməni mediasında “Dadivankdan Yerevana” adlı satış-sərgi keçirildiyi haqqında məlumat yer alıb: “Mədəniyyət Nazirliyi bu bəyanatı sərgidən bir gün əvvəl verib. Nazirlik buna qarşı etiraz bəyanatı ilə çıxış etdi. Erməni mediasında, səhv etmirəmsə “Armen press”də sərginin keçirildiyi haqqında məlumat çıxmışdı və hətta o sərgidən şəkillər də vardı. Ermənistanda həmin sərgi keçirilib. Hətta orada yeməklər bişirib satırdılar, oradan əldə edilən vəsaiti Dağlıq Qarabağdakı ermənilərə göndərmək məqsədilə”.
Azərbaycanın etirazlarına, bəyanatlarına baxmayaraq, Ermənistan artıq növbəti tarixi cinayəti, saxtakarlığı etməkdən çəkinməyib, bundan sonra Mədəniyyət Nazirliyinin Ermənistana qarşı addımları hansı istiqamətlərdə davam edəcək?
M.Qafar-zadə bildirdi ki, bu məsələ daim nazirliyin diqqətindədir və qurum bu yöndə fəaliyyətini davam etdirur: “Biz Ermənistanın qanunsuz olaraq “Dadivankdan Yerevana” adlı satış-sərgi keçirəcəyinə dair informasiyanı əldə etdikdən sonra dekabrın 16-da bəyanat yaydıq. Bilirsiniz ki, ermənilər özlərinə xas saxtakarlıqla sərgiyə “Dadivankdan Yerevana” adı qoymuşdular. Bu sərgidə onlar qeyri-qanuni olaraq Azərbaycan ərazisindən - Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Azərbaycanın qədim Albaniya irsinə aid olan qədim Xudavəng monastır kompleksinə məxsus Bibliyanı, xaçları, ikonanı və sairi qeyri-qanuni olaraq İrəvana daşıyıblar və orada sözügedən bu sərgini keçiriblər. Biz də Mədəniyyət Nazirliyi olaraq buna öz etirazımızı bildirmişik və haqlı olaraq ictimaiyyətə müraciət etmişik. Biz bu faktlarla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara müraciət edirik. Bunu beynəlxalq təşkilatlara, beynəlxalq strukturlara, UNESCO-ya bildirmişik ki, bu məsələ beynəlxalq hüquq müstəvisində öz həllini tapsın və Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi bu vandalizm hərəkətlərinə hüquqi qiymət verilsin. Çünki burada iki beynəlxalq konvensiyanın pozulmasından söhbət gedir. 1954-cü ildə təsis Haaqa Konvensiyası, hansı ki, bu konvensiya silahlı münaqişlər zamanı mədəni irsin qorunmasını təmin edir. Ermənistanın bu davranışları həmçinin də 1970-ci ildə təsis edilən UNESCO Konvensiyasına ziddir. Bu konvensiya mədəni irsin qeyri-qanuni olaraq idxalını və ixracını qadağan edən konvensiyadır. Beynəlxalq konvensiyalarla və beynəlxalq hüquqla Ermənistan tərəfin əməlləri ziddiyyət təşkil etdiyi üçün, bu məsələnin beynəlxalq hüquq müstəvisində öz həllini tapmasını vacib hesab edirik. Ciddi olaraq bu məsələ Mədəniyyət Nazirliyi tərəfindən nəzarətdə saxlanır və Mədəniyyət Nazirliyi olaraq həm beynəlxalq strukturlara müraciət edirik, həm də son iki həftə ərzində Azərbaycanın mədəniyyət və ictimaiyyət xadimləri də bu məsələ ilə bağlı öz etirazlarını bildiriblər” - deyə M.Qafar-zadə vurğuladı.
İradə SARIYEVA