Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq torpaqlarımız işğaldan azad edilənə qədər və sonrakı mərhələlərdə Azərbaycan Müdafiə Nazirliyi azad edilmiş rayon və kəndlərimizdən davamlı olaraq reportajlar hazırlayıb yayır, bu reportajlarda həmin yaşayış məntəqələrimizin işğal dövründə məruz qaldığı vandalizm aktları, dağıntılar əksini tapır.
Müdafiə Nazirliyinin hazırlayıb yaydığı bu reportajların nə kimi əhəmiyyəti var? Ümumiyyətlə, ilk çəkilişlər nə kimi strateji əhəmiyyət daşıyır?
“...diqqətçəkən məqamlardan biri də faktlar əsasında erməni vandalizminin dünya ictimaiyyətinə göstərilməsidir”
Müdafiə Nazirliyinin bu addımının çox müsbət və aktual olduğunu deyən “Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, nazirliyin hazırlayıb yaydığı bu videoreportajların həm siyasi-strateji, həm də tarixi əhəmiyyəti var. B.Quliyev hesab edir ki, nazirliyin bu reportajlarının həm ölkə vətəndaşları, həm də beynəlxalq aləm üçün əhəmiyyəti var və bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə bir mesajdır: “Siz çox aktual və vacib məsələyə toxunmusunuz, bu, hər kəsi düşündürməlidir. Birincisi, bu məsələ beynəlxalq ictimaiyyəti maraqlandırmalıdır ki, işğal altından azad olunan Azərbaycan şəhərlərindən, rayon və kəndlərindən nə üçün reportajlar hazırlanıb yayılır, bu nə deməkdir? Fikir verib görsünlər ki, bu erməni vandalları Azərbaycan ərazilərində vandalizm aktları, vəhşiliklər törədiblər. Ermənilər insanlığa qarşı müharibə cinayətləri ediblər, körpələrimizi, mülki şəxslərimizi, dinc əhalimizi qətlə yetiriblər, eləcə də kəndlərimizi, şəhərlərimizi dağıdıblar, faşist siyasəti həyata keçiriblər. Yəni demək istəyirəm ki, nazirliyin bu rəsmi videoreportajları hazırlayıb yaymasında diqqətçəkən məqamlardan biri də faktlar əsasında erməni vandalizminin dünya ictimaiyyətinə göstərilməsidir. Dünya görsün ki, erməni faşizmi nə deməkdir. İkinci tərəfdən, bu videoreportajlar Azərbaycanın daxili auditoriyası üçün vacibdir. Yəni vətəndaşlarımız görsünlər ki, erməni faşistlərinin vandal cinayətləri nəticəsində kəndlərimiz, rayonlarımız, ərazilərimiz necə viran edilib və gələcəkdə Azərbaycan dövləti o ərazilərimizə hansı şəkildə yanaşacaq. Təsəvvür edin, ərazilərimiz o şəkildə dağıdılıb ki, Azərbaycan dövləti burada hər şeyi yenidən qurub yaratmalı və böyük tikinti-quruculuq işləri həyata keçirməlidir. Bu ərazilərimizdə aparılacaq tikinti-quruculuq, bərpa işləri sayəsində yeni rayonlar, qəsəbələr, kəndlər salınacaq. Bu o deməkdir ki, görün, Azərbaycan dövlətinin qarşısında nə qədər böyük quruculuq, abadlıq, bərpa işlərinin həyata keçirilməsi dayanıb. Üçüncüsü, bu, bizim yaradıcı insanların qarşısına yeni vəzifələr qoyur. Tarixdə baş verən erməni vandalizminin, erməni faşizminin gələcək nəsillərə çatdırılması üçün yazıçılarımız, şairlərimiz əsərlər yazacaq, rəssamlarımız, heykəltəraşlarımız abidələr yaradacaq, rejissorlarımız filmlər çəkəcəklər. Bu sənət nümunələri bu gün üçün yox, 100, 200, 300 il sonra üçün olacaq və gələcək nəsillər bu filmlərə baxanda, bu əsərləri oxuyanda Azərbaycan xalqının, dövlətinin necə faşist bir düşmənlə mübarizə apardığını biləcəklər və ermənilərin gerçək simasını görəcəklər”.
B.Quliyev hesab edir ki, Müdafiə Nazirliyinin çəkdiyi bu videoreportajlar canlı tarixi sübutlardır və bu çəkilişlər yalnız bu gün üçün yox, həm də gələcək üçün böyük əhəmiyyət kəsb edir, bu faktlar bütün mənalarda əhəmiyyətlidir: “Bu videoreportajlar tarixi rəsmi sənədlərdir və həm bu gün, həm də gələcək nəsillər üçün böyük əhəmiyyəti var”.
B.Quliyev təklif edir ki, azad edilən müəyyən bir ərazini bərpa etmədən və Ermənistan silahlı birləşmələrinin qoyub qaçdığı silah-sursatı, Azərbaycan Ordusunun məhv etdiyi düşmən ordusuna aid hərbi texnikanı ora qoymaqla həmin ərazidə açıq hava altında canlı muzey yaradılmalıdır ki, həm ölkəmizə gələn turistlər, həm də gələcək nəsillər erməni vandalizminin nümunələri ilə tanış olsunlar. Bunun bizim qan yaddaşımız üçün çox vacib olduğunu deyən B.Quliyev hesab edir ki, Müdafiə Nazirliyinin çəkdiyi videoreportajlardan sənədli filmlərdə də istifadə edilməlidir və yeri gələndə bədii filmlərə də kadrlar salınmaldır: “Bu videoreportajların çəkilərək yayılmasının əhəmiyyəti çox böyükdür və bizlər, həm də gələcək nəsillər üçün canlı sənədlərdir. Bu bir tərəfdən beynəlxalq ictimaiyyətə, digər tərəfdən isə yerli auditoriyaya yayılır. Müdafiə Nazirliyinin hazırlayıb yaydığı bu reportajların həm də strateji əhəmiyyəti odur ki, dünya birliyi baxıb görsün Azərbaycanın qarşısında necə böyük tikinti-quruculuq işlər dayanıb.
Bu reportajlar həm də bizə müqayisə üçün verilmiş şansdır. Bu mənada ki, bu videoreportajlarda azad edilən kəndlərimizin, şəhərlərimizin dağıdılmış, pis vəziyyətə salınmış görkəmləri əks olunub. Gələcək nəsillər görəcək ki, dövlət tərəfindən həyata keçirilən tikinti-quruculuq işləri nəticəsində videoda gördükləri şəhərlərin, kəndlərin siması necə dəyişdirilib, o ərazilər necə abadlaşdırılıb. Bu da bizə müqayisə imkanı verəcək” - deyə B.Quliyev vurğuladı.
İradə SARIYEVA