Yayılan məlumatlara görə, ermənilər Qafan ətrafındakı yüksəklikləri boşaltmağa başlayıblar. SSRİ dövründəki sərhədlərə əsasən, bu yüksəkliklər Azərbaycan sərhədinə daxildir. Qeyd edilir ki, orada olan ermənilər ərazini boşaldacaqlar və həmin yüksəkliklər bizim nəzarətimizə keçəcək. Beləcə, Zəngəzur mahalında bütün Qafan ərazisinə ən yüksəkdən nəzarət bizdə olacaq.
Bu arada baş verənlərdən narahat olan ermənilər Qafana yola çıxaraq hərəkəti bağlayıblar. Qafanın qubernatoru Melikset Poqosyan etiraz aksiyası keçirənləri sakitləşdirməyə çalışsa da, bir nəticə hasil olmayıb.
Ən qəribəsi odur ki, bəzi erməni rəsmiləri bunu tamamilə başqa cür təqdim etməyə çalışırlar. Məsələn, Qafan şəhərinin meri Gevork Parsyan belə rəy yaratmaq istəyir ki, guya Azərbaycan Ermənistan sərhədlərini keçir. Onun sözlərinə görə, guya Qafanın əlverişli əraziləri Azərbaycana veriləcək: “Delimitasiyadan sonra sərhədlə Qafan şəhəri arasında məsafə cəmi 1 kilometr olacaq. Üstəlik, şəhər ətrafındakı hakim yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək. Buna etiraz edənlər düz edirlər. Görün, biabırçılıq nə yerdədir ki, sərhəddəki postlarda sərhədçilər yox, qafanlılardan ibarət könüllülərin dəstələri dururlar. Camaat yolu da təhlükəsizliyin təminatını istəyərək kəsiblər. Onlar deyirlər ki, sovet dönəmindəki sərhədlərə doğru geri çəkilək. Bu, düz deyil”.
Göründüyü kimi, yenə də erməni tərəfi həqiqətə uyğun olmayan iddialarla çıxış edir. Necə yəni Qafanın əlverişli yerləri Azərbaycana veriləcək? Bəyəm biz Ermənistandan hansısa torpaqları alırıq? Bu nə təxribatçı məlumatdır?
“Əvvəlki sərhəd müəyyən ediləndən sonra bəzi erməni kəndlərinin Qafan şəhəri ilə əlaqəsi çətin olacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, bu, sadəcə, ermənilərin növbəti fitnəkarlığıdır: “Əslində, məsələ tam başqadır. Sadəcə, ermənilər növbəti həyasızlıqla məşğuldurlar. Məsələ ondadır ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalından sonra Ermənistanın sərhədlərinin şərq hissəsinin Azərbaycanla təmasdakı xətləri, yəni Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarındakı sərhəd ləğv olunub. Sovet dönəmində müəyyən edilən sərhədlər aradan qaldırılıb. Ermənistan Qafandan sərhədləri qabağa çəkərək ərazilərimizi qəsb edib. Digər işğal olunmuş əraziləri isə Qarabağdakı separatçı qurum “özününküləşdirmişdi”. Uğurlu döyüş əməliyyatlarından sonra Azərbaycan-Ermənistan sərhədinin Zəngilandan Kəlbəcərə qədər olan hissəsinin demarkasiyası gündəmə gəldi. Bu o deməkdir ki, Ermənistan işğal etdiyi Zəngilan və Qubadlı rayonlarını tam tərk edib əvvəlki sərhədə çəkilməlidir. Azərbaycan öz qanuni sərhədlərini bərpa edir, burada nə var ki? İş ondadır ki, bunu Qafanda yaşayan erməni provokatorları başqa cür təqdim etmək istəyirlər. Məsələ ondadır ki, əvvəlki sərhəd müəyyən ediləndən sonra bəzi erməni kəndlərinin Qafan şəhəri ilə əlaqəsi çətin olacaq. Çünki onlar əvvəl işğal edilmiş Zəngilan rayonundan rahat ged-gəl edirdilər. Sərhəd müəyyənləşəndən sonra bu olmayacaq. O üzdən, ermənilər vəlvələyə düşərək bu cür absurd fikirlərlə çıxış edirlər. Hesab edirəm ki, bütün bunların heç bir əsası yoxdur. Azərbaycan öz qanuni sərhədlərini bərpa edir”.
Hərbi ekspert onu da qeyd etdi ki, hansısa erməni kəndlərinin Qafan şəhəri ilə əlaqəsi çətinləşəcəksə, bu, onların öz problemidir.
Vidadi ORDAHALLI