Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Prezidentin Sərəncamına əsasən, vətəndaşlara, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.
44 günlük müharibə zamanı erməni hücumu nəticəsində Azərbaycan ərazisində əmlakına ziyan dəymiş mülki əhaliyə maddi yardım ödəniləcək. Dövlət başçısının müvafiq sərəncamı ilə ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə yardım ediləcək. Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcək.
Qeyd edək ki, dövlət başçısının bir neçə gün əvvəl imzaladığı Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində yardım göstəriləcək.
“...dəymiş ziyanla bağlı hər bir ailəyə yardım ediləcək”
Milli Məclisin deputatı Tamam Cəfərova bildirdi ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək məqsədilə Baş nazirin rəhbərliyilə Dövlət Komissiyası və 11 nəfərdən ibarət işçi qrupu yaradılıb. Beləliklə, yaranmış problemlərin aradan qaldırılması üçün komissiya öz işinə başladı və ilkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə müvafiq tədbirlərin görülməsinə başlandı: “Sərəncama əsasən, erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb”.
T.Cəfərova xüsusi olaraq vurğuladı ki, görülmüş bütün tədbirlər hökumətin və ölkə başçısının xalqa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Son olaraq vurğulayaq ki, ölkə Prezidenti tərəfindən Sərəncamın imzalanması humanizm və sosial ədalətin bərpasıdır.
Günel CƏLİLOVA