“Human Rights Watch” insan haqları təşkilatı oktyabrın 8-də Şuşa şəhərində kilsənin vurulmasıyla bağlı ayrıca hesabat yayıb.Yeni hesabatda hücumun Azərbaycan qüvvələri tərəfindən gerçəkləşdiyi, bunun məqsədyönlü hücum kimi göründüyü, müharibə qanunlarının pozuntusu olduğu bildirilir.
Oktyabrın 8-də Şuşadakı kilsəyə bir neçə saatlıq fasilə ilə iki dəfə zərbə endirilib. Qurum bildirir ki, mədəni əhəmiyyəti olan mülki obyekt məqsədyönlü hədəfə çevrilib, baxmayaraq ki, onun hərbi məqsədlər üçün istifadə olunduğuna dəlil olmayıb: “Kilsəyə iki hücumun məqsədli olduğu görünür, ikinci hücum zamanı orada jurnalistlər və dinc sakinlər olub. Bu hücumlar qərəzsiz araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.
Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı noyabrın əvvəlində “BBC News”a müsahibəsində deyilənlərin doğru olmadığını deyib: “Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır”.
Bununla belə, dövlət başçısı işğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin durumunu da yada salıb: “Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir”.
Bütün hallarda, təşkilatın kilsənin Azərbaycan tərəfindən məqsədyönlü şəkildə vurulması ilə bağlı çıxış etməsi nə dərəcədə doğrudur?
“Təşkilatın məlum iddiası tamamilə əsassızdır və reallıqdan uzaq yanaşmadır”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, “Human Rights Watch” təşkilatının kilsə ilə bağlı rəyi aşırı dərəcədə maksimalist yanaşmadır: “Sanki bu təşkilatlar pusquda dayanıblar ki, məqam düşən kimi Azərbaycanı qaralasınlar. Azərbaycan tolerant ölkədir. Bunu çoxsaylı beynəlxalq təşkilat yaxşı bilir. O cümlədən, insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar bunun fərqindədirlər. Azərbaycanda nə dövlət, nə də cəmiyyət hansı dinə mənsub olmasından asılı olmayaraq, heç vaxt Allah evlərini hədəfə almayıb. Ölkəmizdə bu kimi məsələlərə son dərəcə həssas yanaşılır. O cümlədən, 44 günlük hərbi əməliyyatlar zamanı bu məsələyə xüsusi diqqət göstərildi. Azad edilmiş ərazilərdə kilsələrə yönəlik hər hansı bir xoşəgəlməz hadisə baş vermədi. Zatən, ermənilər bunu çox istəyirdilər. Ona görə ki, tez bunu dünyaya yayıb Azərbaycan barədə mənfi rəy yaratsınlar. Şuşadakı kilsənin vurulmasına gəldikdə isə, tam əminliklə deyirəm ki, bunu ermənilər ediblər. Çünki oktyabrın 8-dən üzübəri bunun ətrafında süni ajiotaj yaradılır. Erməni lobbisi öz imkanlarından istifadə edərək, dünyanın aparıcı media orqanlarında təkrar-təkrar kilsənin vurulmasını yayırlar. Guya Azərbaycan Şuşadakı kilsəni raketlə vurub. Onların bunda məqsədi o idi ki, bununla xristian dünyasını Azərbaycana qarşı qaldırsınlar. Çox təəssüflər olsun ki, “Human Rights Watch” insan haqları təşkilatı ermənilərin yalanına ortaq olur. Hesab edirəm ki, təşkilatın məlum iddiası tamamilə əsassızdır və reallıqdan uzaq yanaşmadır”.
Şərqşünasın fikrincə, beynəlxalq təşkilatlar yaxşı olardı ki, erməni vandallarının çoxsaylı məscidi necə məhv etdiklərindən danışsınlar.
Vidadi ORDAHALLI