“Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər”.
Bunu Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanları səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır”.
Prezident Əfqanıstan səfirinə dedi ki, bütün müsəlmanlar öz hökumətlərinə mesaj verməlidirlər ki, Ermənistan məscidlərə qarşı təhqiredici hərəkətlər göstərdiyi üçün onlarla təmas qurmaq olmaz. Prezident bununla müsəlman dövlətlərinin ictimaiyyətinə açıq çağırış etdi.
“İstənilən müsəlman ölkəsi Ermənistanla hər hansı bir əlaqə qurmaq, yaxud indiyə qədər qurduğu əlaqələri davam etdirmək istəsə...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Prezident İlham Əliyevin çağırışı islam həmrəyliyinin, müsəlman dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edir və bütün müsəlman dünyası Azərbaycan Prezidentinin mesajını yüksək dəyərləndirməlidir: “Əlbəttə, uzun illər Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarını - Qarabağı və 7 rayonu işğal altında saxlayıb. İşğal dövründə Ermənistan bizim məscidlərimizə, müsəlman dünyasının abidələrinə qarşı insanlığa sığmayan cinayətlər edib, barbarlıqlar və təhqiramiz hərəkətlərə yol verib, islamofobiyanı təbliğ edib. Ağdamda, Füzulidə, Qubadlıda, Cəbrayılda, bir sözlə, işğaldan azad edilən digər şəhər və rayonlarımızda müsəlman abidələrinə qarşı misli görünməyən cinayətlər törədən Ermənistan bununla da bizim dinimizə nifrətini ortaya qoyub. Əlbəttə, bütün bunlar qəbuledilməzdir. Bilirsiniz ki, dini abidələrimizin böyük bir hissəsini məhv ediblər, bir hissəsini isə özününküləşdirməyə çalışıblar. Onlar bu prosesi, eyni zamanda, indiki Ermənistan ərazisində də davam etdiriblər. Müharibənin gedişində də ermənilər bu vəhşiliklərini göstərdilər. Onların insanlığa sığmayan hərəkətlərini müşahidə etdik”.
F.Ələkbərli qeyd etdi ki, Ermənistanın müsəlman abidələrinə qarşı əxlaqdan kənar davranışlarına, törətdiyi vandalizm aktlarına, bu ölkənin islamofobiyanı qızışdırdığına baxmayaraq, doğrudan da bəzi müsəlman ölkələri bu ölkə ilə təmaslar yaradır, əlaqələr qururlar: “Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası və digər müsəlman ölkələr bundan ciddi nəticələr çıxarmalıdırlar. Müsəlman abidələrinə qarşı təcavüzkarlıqlar edən, islamofobiyanı qızışdıran Ermənistanla hələ də münasibətdə olan, sıx əlaqələr quran müsəlman ölkələri var və mən onları nəzərdə tuturam. Bu müsəlman ölkələri bəlkə də əvvəllər buna görə özlərinə haqq qazandıra bilərdilər, ancaq dünya ictimaiyyəti gördü ki, Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl məscidlərini ermənilər hansı vandallıqla tari-mar ediblər, müsəlmanların inanc yerlərində, müqəddəs ocaqlarında hətta donuz saxlayıblar, bununla da çox iyrənc üsullara əl atıblar. Prezident İlham Əliyevin dünyanın müsəlman ölkələrinin ictimaiyyətinə səslənməsi və onların öz dövlətlərinə Ermənistanın müsəlman məscidlərinə qarşı həyata keçirdiyi iyrənc, təhqiramiz hərəkətlərlə bağlı mesajlar verməli olduğunu qeyd etməsi müsbət haldır. Müsəlman ölkələrinin ictimaiyyəti Ermənistanın bu davranışlarından məlumatlıdır və onlar öz dövlətlərinə müraciət edərək Ermənistanla əlaqələri kəsməyə çağırmalıdırlar. İctimaiyyətin, ictimai rəyin təsiri, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də böyük rol oynaya bilər. Müsəlman ölkələrinin ictimaiyyəti bu baxımdan çox böyük rol oynaya bilər.
Bundan sonra istənilən müsəlman ölkəsi Ermənistanla hər hansı bir əlaqə qurmaq, yaxud indiyə qədər qurduğu əlaqələri davam etdirmək istəsə, həmin ölkələrin müsəlman əhalisi, müsəlman ictimaiyyəti buna kəskin etirazını bildirməli və bunun qəbuledilməz hal olduğunu ölkələrinin diqqətinə çatırmalıdır. Dünyanın müsəlman ictimaiyyəti bilməlidir ki, bu qədər çirkin hadisələrdən sonra Ermənistanla onların ölkəsinin əlaqə qurması qəbuledilməzdir. Əksinə, müsəlman ölkələri arasında birlik, həmrəylik daha da güclənməlidir, biz bu kimi məsələlərdə birliyimizi daha da gücləndirməliyik. Hesab edirəm ki, bu kimi məsələlərdə islam ölkələrinin müsəlman ictimaiyyəti də diqqətli, həssas olmalı və öz ölkələrini islamofobiyanı təşviq edən, müsəlman məscidlərini dağıdan, təhqir edən Ermənistanla əməkdaşlıqan çəkindirməlidir” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA