Dekabrın 18-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Baki-xeber.com xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.
"Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir…"
“İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq”.
Bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.
Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq, çünki bu artıq tarixdir.
Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daimi əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ay yarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”.
"İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət etməyimiz xəstələrin müalicəsində bizə xeyli kömək etdi"
Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən də danışıb. O deyib ki, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada ümumi bəla olan pandemiyaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə, COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim edilib.
Həkim çatışmazlığının ümumi problem olduğunu qeyd edən dövlət başçısı deyib ki, heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı”: “Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.
Prezident qeyd edib ki, dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da bu prosesə qoşulur. “Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtı açıqlandı
Prezident deyib ki, vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur: “Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.
Dövlət başçısı deyib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir: “Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə Görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə Görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak edib: “Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir”.
"Azərbaycanla Ermənistan arasında müharibə dünya KİV-ində heç də həmişə obyektiv işıqlandırılmayıb"
“Azərbaycanla Ermənistan arasında müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb. Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, biz Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aramsız səylərimiz sayəsində aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq”- deyən Prezident İlham Əliyev baş verən hadisələr haqqında həmkarlarını məlumatlandıraraq bildirib: “Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.
Prezident xatırladıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonunu işğal etdi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağ hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.
"Ermənistan rəhbərliyi təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı"
“Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb” – deyən Prezident İlham Əliyev bildirib ki, biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik: “ATƏT-in Minsk Qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar”.
Azərbaycan Prezidenti onu da deyib ki, üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. “Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”- o deyib.
"Darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur"
“İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur”. Bu fikirləri də Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında müharibənin nəticələri barədə danışarkən səsləndirib.
Dövlət başçısı qeyd edib ki, bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o belə göstərişlər verməyib. “Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"Biz istəyirik Qarabağda bərpa işlərinə dost ölkələrdən olan şirkətlər cəlb edilsin"
“İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq artıq başlanıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik” – deyən Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslərə başlanıb. “Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib, Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”- deyə Prezident çıxışına yekun vurub.