Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı siyasi-hüquqi islahatlar siyasi plüralizmin təşviqini, siyasi partiyalarla sağlam dialoqu ehtiva edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçılarıdır. Siyasi münasibətlərdə dialoq mühitinin yaranması isə demokratik ənənələrin formalaşmasına, siyasi partiyalarla sağlam əməkdaşlığa zəmin yaradır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu baxımdan yeni siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır. Belə ki, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib. Bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.
Atılan bu addımı siyasi partiyalarla hakimiyyət arasındakı dialoqda əldə olunan real nəticələrdən biri saymaq olarmı?
“Partiyaların ofislə təmin edilməsi yeni siyasi mədəniyyətin təşəkkül tapmasının indikatorlarından biridir”
Qərargahla təmin olunan Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlər ölkəmizin siyasi vitrinində olduqca xoş və həm də yeni hadisənin, yeni tendensiyanın şahidi olmaqdayıq: “Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, normal siyasi fəaliyyətin təmin edilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların ofis sahələri ilə təmin olunması prosesi başlayıb. Proses çərçivəsində artıq 10 partiya qərargahla təmin edilib. Bu ilk onluqda biz də varıq. Sədri olduğum Milli Həmrəylik Partiyasına da qərargah verildi. Açığı, bu çox sevindirici hadisədir. Bütün partiya üzvlərimiz bu xəbəri böyük bir sevinc hissilə qarşıladı. Bir çox insanlar sosial şəbəkə üzərindən və yaxud telefonla zəng edib Milli Həmrəylik Partiyasına dövlət tərəfindən ofis verilməsi münasibətilə bizi təbrik edir, sevincimizə şərik olurlar”.
Partiya sədrinin sözlərinə görə, onlar bu hadisəni istər öz partiyaları, istərsə də digər partiyalara münasibətdə dönüş nöqtəsi hesab edirlər: “Siyasi partiyalar üçün yeni dönəm başlayır. Dövlət-partiya münasibətləri daha sivil müstəviyə keçir. Partiyaların ofislə təmin edilməsi yeni siyasi mədəniyyətin təşəkkül tapmasının indikatorlarından biridir. Özü də əlaqədar qurumlar – həm Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, həm də Əmlak Məsələləri Dövlət Xidməti bu işi çox operativ və peşəkar şəkildə icra etdi. Yəni partiyaların ofis sahələri ilə tanış olması və sənədləşmə prosesində hər hansı bir süründürməçiliyə, səhlənkarlığa yol verilmədi. Mən bu prosesin gedişində sözügedən qurumların rəsmiləri tərəfindən partiyalara və partiya sədrlərinə qarşı çox yüksək səviyyədə nəzakətli davranışın və ciddi yanaşmanın şahidi oldum. Bu çox təqdirəlayiq haldır. Xüsusən də Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbənin işindən, şöbə əməkdaşlarının peşəkar iş prinsiplərindən çox razıyıq. Ədalət müəllimin şəxsən özünün partiyalara qayğıkeş münasibəti bütövlükdə dövlətin və hakimiyyətin partiyalara yeni münasibətinin göstəricisidir”.
MHP sədrinin sözlərinə görə, ayrılmış ofis sahəsi də onları tam qane edir: “Rahat və əlverişli ofisdir. Ünvan da münasibdir. Yeni ofis bütün üzvlərimiz üçün kommunikasiya, gəliş-gediş baxımından əlçatan olacaq. Yəni ki, partiyaların şəhərin ucqar bir nöqtəsində yox, şəhərin mərkəzi hissəsində qərargahla təmin olunması gündəlik partiya həyatının canlanmasına əlavə stimul və təkan verəcək. Dövlətin bu addımı siyasi partiyaların ən ümdə problemlərindən birinin həll olunması deməkdir. Açıq etiraf etmək lazımdır ki, partiyalar ofis məsələsində problemlərlə üzləşirdilər. Lakin artıq bu problem öz həllini tapdı. Mən partiyaların yeni ofislə təmin olunması prosesini çox yüksək qiymətləndirirəm. Bu hadisə partiyaların fəaliyyətində, o cümlədən rəhbəri olduğum MHP-nin fəaliyyətində çox şeyi dəyişəcək. İndi normal fəaliyyət göstərmək üçün əlverişli imkan yaranır. İnşallah, bundan sonra daha səmərəli fəaliyyət göstərmək imkanlarımız olacaq. Bilirsiniz, ofissiz, qərargahsız partiya benzini olmayan maşına bənzəyir. Bəlkə də bu çox kobud müqayisədir, amma həqiqətdir. Ofis olmadan normal fəaliyyəti təşkil etmək mümkün deyil. Ofisi olmayan siyasi partiyanın cəmiyyətə hər hansı bir təsir imkanlarından danışmaq mümkünsüzdür. Bu mənada, partiyaların dövlət tərəfindən ofislə təmin edilməsi cəmiyyətdə də partiyalara qarşı yeni münasibətin formalaşmasına, partiya elektoratının genişlənməsinə, sosial bazanın güclənməsinə səbəb olacaq. Biz bundan sonra ölkədə Milli həmrəylik mühitinin qorunub saxlanması istiqamətində daha da əzmlə işləyəcəyik”.
Sonda partiya sədri, fürsətdən istifadə edib, dövlət başçısına siyasi partiyalara göstərdiyi bu diqqət və qayğıya görə ayrıca təşəkkürlərimi bildirdi.
Məhəmmədəli QƏRİBLİ