Bakıdan “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay Prezident İlham Əliyevə müraciət edib:
“Qarabağı düşmən işğalından azad etdiyinizə, şanlı bayrağımızı Şuşaya sancdığınıza görə Sizi səmimi-qəlbdən təbrik edirəm. Atanız, ulu öndər Heydər Əliyev 59 yaşında ikən Şuşada Molla Pənah Vaqifə möhtəşəm bir abidə ucaltmışdı. Siz də 59 yaşınızda həm Vaqifin abidəsini, həm də Azərbaycanın müqəddəs şəhəri sayılan Şuşanı yenidən xalqımıza qaytardınız. Həm atanızın, həm də Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ruhunu şad etdiniz.
Atam Məmməd Araz həmişə inanırdı ki, Siz Azərbaycan bayrağını Şuşada dalğalandıracaqsınız. Bu gün mənim atamın da ruhu şaddır. Bütün Azərbaycan xalqı buna inanırdı və Siz də bunu öz sərkərdəlik qabiliyyətinizlə həyata keçirdiniz.
44 günlük Vətən müharibəsi dövründə həm xarici jurnalistlərə verdiyiniz müsahibələr, həm də xalqa müraciətləriniz Sizin necə müdrik diplomat olduğunuzu bütün dünyaya sübut etdi və nəhayət, Zəfər günü münasibətilə keçirdiyiniz möhtəşəm parad və paraddakı çıxışınız dünya ictimaiyyətinə bir mesaj oldu.
Möhtərəm cənab Prezident, Siz 50 illik yubileyinizi Ağcabədidə Taxtakörpü qəsəbəsində torpağından didərgin düşmüş laçınlılarla bir yerdə keçirdiniz. Arzu edirəm, 60 illik yubileyinizi Şuşada bütün şuşalılarla, bütün qarabağlılarla və bütün azərbaycanlılarla bir yerdə keçirəsiniz. Xalqla qol-qola bir yerdə yallı gedəsiniz.
Bir daha Sizi, xalqımızın sevimlisi, ömür-gün yoldaşınız Mehriban xanımı və bütün ailə üzvlərinizi Məmməd Araz ailəsinin üzvləri adından təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və dövlətçiliyimiz uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram.
Tanrı Sizi qorusun. Tanrı millətimizi qorusun”.
Baki-xeber.com