Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında ermənilər tərəfindən Azərbaycanın maddi-mədəni irsinə ciddi zərər vurulub, onlara qarşı vandalizm aktları törədilib, abidələr dağıdılıb, xeyli bir hissəsi isə qanunsuz olaraq mənimsənilib, saxtalaşdırılıb.
Qarabağın maddi-mədəni irsinə ermənilər vandalcasına davranıblar. Təbii, düşmən elə zənn edib ki, onun bu əməlləri gizlin qalacaq və o buna görə cəzalandırılmayacaq. Amma belə olmadı. Torpaqlarımız işğaldan azad edildi və ermənilərin ərazilərimizdə həyata keçirdikləri cinayətlərin hər biri üzə çıxdı, dünyaya yayıldı. Bütövlükdə, beynəlxalq aləm hələ erməni vandalizminə göz yummaqda davam etsə də, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi şəxsləri işğaldan azad edilən bəzi ərazilərimizdə olublar, erməni vandalizminin dəhşətlərini gözləri ilə görüblər, bu barədə yazıblar, danışıblar, bəyanat yayıblar. Hesab edirik ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətlər cəzasız qalmayacaq...
Mədəniyət Nazirliyinin Ermənistanın müharibə cinayətləri il bağlı bəyanatı...
Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanın bu cinayətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində dövlət qurumlarımız və ictimai təşkilatlar aktiv fəaliyyətə keçiblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi son həftələr bu yöndə ciddi fəaliyyətə başlayıb. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə təcavüzü, vandal davranışları mədəniyyət, maddi-mədəni irs üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Mədəniyət Nazirliyi Ermənistanın müharibə cinayətləri il bağlı bəyanat yayıb.
“27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilmişdir.
İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılmışdı. Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilib ki, Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək. Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin, kitablar, fotoalbomlar nümayiş olunacaq. Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək”.
“Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanır”
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırıb ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcə də 1954-cü ildə Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur: “Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirməsi və ya dağıtmasını qadağan və qarşısını almağı təsbit edir.
Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda, beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.
Məlumat üçün bildidirik ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanmışdır”.
“Uzun illər Ermənistan bu məkrli, çirkin davranışlarını öz siyasətinə çevirib”
Tarixçi-etnoqraf Ənvər Çingizoğlu hesab edir ki, Ermənistanın cinayətlərinə beynəlxalq aləm susqunluqla yanaşmamalıdır. O hesab edir ki, Azərbaycana məxsus maddi-mədəni irs nümunələrinin ermənilər tərəfindən talanaraq, oğurlanaraq Ermənistana aparılması böyük qanunsuzluqdur və bəşəriyyər mədəniyyətinin özünə qarşı təcavüzdür. Eksepertin sözlərinə görə, deyildiyi kimi,
dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçirilibsə, Ermənistan buna görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir: “Mədəniyyət Nazirliyinin yaydığı bəyanat kifayət qədər tutarlı bir bəyanatdır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, UNESCO və mədəni irsin qorunmasına məsul olan qurumlar Ermənistanın bu cinayətlərinə göz yummamalıdır, artıq onlar susmağı dayandırıb hərəkətə keçməlidirlər. BMT-nin təsistalarından biri olan UNESCO-nun əsas məqsədi və vəzifəsi mədəni irsin qorunmasıdır. Bütün dünyanın gözü qarşısında Ermənistan işğal dövründə ərazilərimizdə mədəni irsimizi dağıtmaqla məşğul olub. Düşmənin məqsədi də hamıya bəllidir, elə həmin beynəlxalq təşkilatların özlərinə də məlumdur. İşğal dövründə Ermənistanın məqsədi o olub ki, maddi-mədəni irsmizi dağıtmaqla, onları məhv etməklə azərbaycanlıların Qarabağdan izlərini silsin. Uzun illər Ermənistan bu məkrli, çirkin davranışlarını öz siyasətinə çevirib. Siz təsəvvür edin ki, ermənilər bir tərəfdən abidələrimizi dağıdıb, bir tərəfdən alban-xristianlıq dövrünə aid abidələrimizi, dini məbədlərimizi mənimsəyib, onun bütün varidatını talayıb, oğurlayıb və oğurladıqlarının da hamısını Ermənistana aparıblar. İndi də durub sərgi keçirirlər, Dadivank (Dədəvəng, Xudavəng) monastır kompleksindən oğurladıqları, mənimsədikləri Bibliyanı, xaçları, ikonaları, suvenirləri, həmçinin, kitabları nümayiş etdirirlər, onun satışını təşkil edirlər. Hansı haqla? Bu varidat, bu sərvət, bu maddi-mədəni irs Ermənistanın deyil, onlar Azərbaycanındır. Bunu dünya yaxşı bilir, amma heç kəs səsini çıxarmır”.
“Ermənistanın hərəkəti bəşəri irs əleyhinə cinayətdir”
Ə.Çingizoğlu qeyd etdi ki, hələ bir neçə il əvvəl ermənilər Qarabağ muzeylərindən, şəxsi kolleksiyalardan qiymətli qədim xalçaları, rəsm əsərlərini, Azərbaycan tarixini əks etdirən eksponatları, bir sözlə, bizim irsimizi xaricdəki havadarlarının və erməni lobbisinin dəstəyilə xarici bazarlara aparıb, satış-sərgiləri keçirib, onları hərraca çıxarıb: “Həmin hadisə baş verəndə də dünyanın səsi çıxmadı. Bizim böyük bir maddi-mədəni irs xəzinəmizi Ermənistan xarici ölkələrdə hərraca çıxardı, satdı. Görün, bu ölkə necə böyük cinayətkardır. Azərbaycan dövləti, dövlət qurumlarımız dəfələrlə Ermənistanın bu qanunsuzluqlarını, bu cinayətlərini beynəlxalq təşkilatların tribunasına çıxarıb. Bu qəddar, oğru düşmənin cinayətlərini onu himayə edən Fransa da, başqa dövlətlər də bilir, amma göz yumurlar. Bu gün də öz məğlubiyyətinin acısını çıxarmağı bizdən oğurladıqları maddi-mədəni irs örnəklərini satmaqda görürlər. Ermənistan UNESCO-nun və digər beynəlxalq təşkilatların üzvüdür və bir dövlət olaraq öhdəliklər götürüb, amma o öhdəlikləri yerinə yetirmək əvəzinə, Dədəvəngdən oğurladığı Bibliyanı, ikonanı, alban xaçını satışa çıxarır. Ermənistanın hərəkəti bəşəri irs əleyhinə cinayətdir”.
“Həmin beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın işğaldan azad edilən ərazilərinə missiya göndərilməlidir”
Ə.Çingizoğlu onu da vurğuladı ki, müharibə zamanı Ermənistan Tərtər rayonundakı xalça fabrikini mütəmadi olaraq atəşə tutub və fabrikə çox böyük zərər vurub. O xatırlatdı ki, Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyindən, bu, birbaşa dünya irsinin dağıdılması deməkdir. “Azərbaycan xalça sənətinə etdiyi bu təcavüzü də Ermənistan baha ödəməlidir. Əlbəttə, bu fakta UNESCO münaisbət bildirməli idi. Çünki söhbət dünyanın qeyri-maddi mədəni irsindən gedir ki, onu da UNESCO və digər təşkilatlar qorumalıdır. Mədəniyyət Nazirliyi son zamanlar mütəmadi olaraq Ermənistanın bu cinayətlərini beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırır. Mənə elə gəlir ki, həmin beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın işğaldan azad edilən ərazilərinə missiya göndərilməli və onlar gəlib hər şeyi öz gözləri ilə görməlidirlər. O təşkilatlar gedib Ermənistanda da bu ölkənin məlum cinayətlərini araşdırmalıdırlar. Bundan başqa, hesab edirəm ki, xaricdəki Azərbaycan diasporu, lobbisi də bu məsələdə aktivlik göstərməli, Ermənistanın bu cinayətlərini daim yaymalıdır, Qarabağda ermənilərin heç bir mədəni irsinin olmadığını təbliğ etməlidir. 2 əsr bundan əvvəl Çar Rusiyası tərəfindən Qarabağa, eləcə də digər ərazilərimizə köçürülən ermənilər bizim maddi-mədəni irsimizə, abidələrimizə sahiblənmək üçün hər cür dona giriblər” - deyə Ə.Çingizoğlu vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.