Rusiya mətbuatı Xocavəndin iki kəndində erməni hərbçilərin təxribatı ilə bağlı maraqlı bir məqama diqqəti yönəldib.
“Vestnik Kavkaza” nəşri yazır ki, Azərbaycan dinc Qarabağ sakinlərinə vətəndaşlıq verməyə hazırdır. Bakı dəfələrlə bəyan edib ki, bütün Dağlıq Qarabağ sakinləri orada Azərbaycan qanunları ilə dinc və ləyaqətlə yaşamağa davam edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər bizim vətəndaşlarımızdır: “Minlərlə erməni Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər təhlükəsizliyinin təmin olunacağına, maddi vəziyyətinin yaxşılaşacağına, daha yaxşı yaşayacaqlarına əmin ola bilərlər”. Bütün bunlardan sonra oradakı ermənilərin köhnə qayda ilə yaşamaq istəyi anlaşılan deyil.
Bununla belə, qeyd edilir ki, məhz həmin kəndlərin seçilməsi təsadüfi deyil: “Köhnə Tağlar və Çaylaqqala kəndlərində qalan erməni hərbçiləri azad edilmiş Şuşaya yeni yolun tikintisinə əngəl olmağa çalışırlar. Onların cəhdi baş tutsaydı, Şuşaya yeni yol çəkmək mümkün olmazdı. Ancaq onların bu planı baş tutmadı. Onlar unudurlar ki, atəşkəs müqaviləsi imzalanmasaydı, çoxdan Azərbaycan Silahlı Qüvvələri Xankəndiyə daxil olub şəhəri azad etmişdi. Belə olacağı təqdirdə Əsgəran, Xocavənd və digər ərazilər Azərbaycanın tam nəzarətinə keçmiş olacaqdı, çoxdan azərbaycanlıların Xankəndiyə və Şuşaya köçü başlamışdı. Ona görə də sülhün pozulmamasına ermənilər daha çox diqqət yetirməlidirlər. Əks təqdirdə tezliklə yuxarıda dediyimiz proses başlaya bilər ”. .
Belə məlum olur ki, sözügedən təxribatın arxasında yeni Şuşa yolu ilə bağlı məkrli plan var imiş.
“Rusiya mətbuatında gedən bu məlumat təsadüfi deyil”
Sözügedən məqamı “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Ermənistan məlum bəyannamənin bəndələrindən irəli gələn bəzi bəndləri qəsdən yerinə yetirmir. Əsas məqsəd burada Hadrutu geri almaq və Şuşa yolunu kəsməkdir. Rusiya sülhməramlı qüvvələri də bu prosesə dəstək verib. Hesab edirəm ki, Rusiya mətbuatında gedən bu məlumat təsadüfi deyil. Həqiqətən Ermənistan tərəfi noyabrın 26-dan başlayaraq atəskəsdən istifadə edərək Laçın dəhlizindən Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə buraya xüsusi təyinatlılar göndərib. Azərbaycan bu planı vaxtında deşifrə etdi və onları mühasirəyə aldı. Nəticədə onların bu planı fiaskoya uğradı. Şuşaətrafı kəndlər də nəzarətimizə keçdi. Düşünürəm ki, erməni silahli birləşmələri bu ərazilərdə qalmamalıdır. Qalacaqsa, onlara qarşı sərt tədbirlər görmək zəruri olacaq. Azərbaycan bu işi edir və Rusiya sülhməramlı qüvvələri buna mane ola bilməz”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycanın prinsipiallığı bu məsələdə öz sözünü dedi.
Vidadi ORDAHALLI