Ermənistan və Dağlıq Qarabağdakı separatçı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombaları atıb. Bu haqda “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdiriblər. Bu hücumlarda, ikisi uşaq olmaqla, azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil, 20 nəfər yaralanıb: “Klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyata biabırçı sayğısızlığı göstərir”.
Klastr bombaları həm artilleriyadan atıla, həm də təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bomba yayır. Bu bombaların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər. Qurum oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.
“Human Rights Watch”ın nümayəndəsi noyabrın 27-də İrəvanda Xarici İşlər Nazirliyinin təmsilçisi ilə görüşüb. Sonuncu Ermənistanın arsenalında klastr sursatlarının olmadığını deyib. Ancaq hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında "Toçka" və "İskəndər" ballistik raketləri, “Smerç” və Çin istehsalı olan "WM-80" yaylım atəş sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Qurum bildirir ki, Dağlıq Qarabağdakı separatçı qüvvələrin klastr sursatları olmadığından, bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da onları sursatla təmin edib: “Klastr sursatları qadağan olunduğundan, heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”.
Maraqlıdır, bəs ekspertlər sözügedən hesabatda yer alan məqamları necə dəyərləndirirlər?
“Həmin sənəd vasitəsilə dünya ictimaiyyəti erməni cinayətlərinin şahidi olur”
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, hesabatda səslənən fikirlər reallığı əks etdirir: “Hesabatda düzgün olaraq qeyd edilir ki, kasetli silahlardan istifadə beynəlxalq sazişlə qadağan olunub. Bu silahların xüsusilə də mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir. Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silah hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur. Bütövlükdə, biz bilirik ki, bu təşkilat həmişə Azərbaycana qarşı ikili standartlarla çıxış edir. Ötən dövr ərzində bunun dəfələrlə şahidi olmuşuq. 44 günlük müharibə dövründə Azərbaycan tərəfi “Human Rights Watch”un nümayəndələrini ölkəmizə dəvət etdi ki, həqiqətləri öz gözləri ilə görsünlər. Bütün hallarda belə bir hesabatın hazırlanması çox önəmlidir. Çünki bu hesabat Ermənistanın hərbi cinayətlərini özündə əks etdirir. Bu bir faktdır ki, həmin sənəd vasitəsilə dünya ictimaiyyəti erməni cinayətlərinin şahidi olur”.
Ə.Nuriyevin dediyinə görə, sözügedən cinayətlərə görə Ermənistan cavab verəcək.
Vidadi ORDAHALLI