Məlum olduğu kimi, Azərbaycan 30 il ərzində dəfələrlə işğal altında olan torpaqlarda Ermənistanın qanunsuz işlər aparması barədə çoxsaylı hesabat dərc edib. Bu torpaqların böyük hissəsi, bir növ, Ermənistanın və separatçı rejimin ən gəlir gətirən yerlərindən biri olub. Bura narkotik becərilməsindən tutmuş, faydalı və qiymətli metalların mənimsənilməsi, turizm məqsədilə istifadə və s. məsələlər daxildir. Ermənistanın və qondarma qurumun rəhbərləri bu torpaqlardan milyonlarla dollar gəlir götürüblər.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da indi həyasızcasına etiraf edir ki, 25 faiz taxıldan məhrum oldular. Bildirir ki, artıq separatçılar onlar üçün əlavə yükə çevriliblər. İllər uzunu özünü taxılla təchiz edə bilməyən Ermənistan Rusiyadan taxıl idxal edirdi. İndən sonra vəziyyət daha ağırlaşmış olacaq.
Bununla yanaşı, erməni mediası yazır ki, Azərbaycanın torpaqları azad etməsi təkcə Ermənistana kənd təsərrüfatı baxımından böyük zərbə olmayacaq. Bu həm də ölkənin turizm sahəsinə ciddi zərbə vuracaq və çox böyük həcmdə gəlirlərdən məhrum olacaqlar. Erməni tur agentlikləri artıq həyəcan təbili çalırlar. Məsələn, "Armlend” turizm şirkətinin rəhbəri Artem Martirosyan bildirib ki, illər uzunu Azərbaycanın işğal altında olan ərazilərinə turist daşımaqla milyonlar qazanıb. İndi isə bütün bunlardan məhrum olublar. "Tondrak” turist şirkətinin direktoru Azərbaycanın geri qaytardığı Kirs, Şuşa və s. yerlərə dünyanın müxtəlif yerlərindən insanları cəlb edirmiş. O da qeyd edir ki, bundan sonra turistlər heç Qarabağda ermənilərin nəzarətində qalan ərazilərə də səyahət etməyəcəklər. Çünki vəziyyət tamam dəyişib.
“Həmin vəsaitlərin bir hissəsi Ermənistan büdcəsinə gəlir gətirdi”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, ermənilər uzun illər idi Dağlıq Qarabağın və ətraf rayonların sərvətlərini vəhşicəsinə istismar edirdilər: “Ordumuzun 44 günlük uğurlu döyüş əməliyyatları onları bu imkanlardan məhrum etdi. Ona görə də indi bu cür vəlvələyə düşüblər. Çünki işğalçılar həm də Qarabağın turizm potensialından qanunsuz olaraq istifadə edirdilər. Məsələ ondadır ki, əsasən Kəlbəcərə, Laçına, Şuşaya, Xocavəndə və Ağdərəyə qanunsuz turist səfərləri təşkil edərək, hər il bundan milyonlarla vəsait əldə edirdilər. Nəzərə alsaq ki, Qarabağın unikal səfalı təbiəti var, o zaman bunun turizm üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Hər yay Kəlbəcərin İstisu adlanan ərazisinə minlərlə xarici turist gəlirdi. Turizmdən əldə olunan gəlirlər təkcə Qarabağdakı separatçıların cibinə getmirdi. Həmin vəsaitlərin bir hissəsi Ermənistan büdcəsinə gəlir gətirdi. Artıq bu gəlirlər bir daha olmayacaq. Nəzərə almaq lazımdır ki, erməni iş adamları Qarabağda qanunsuz olaraq turistlər üçün çoxsaylı kiçiktutumlu otel tikmişdilər. Onlar ümid edirdilər ki, işğal davam edəcək və qoyduqları sərmayəni götürəcəklər. Ancaq ərazilərin azad edilməsi onların bu gözləntilərini heçə endirdi”.
Ekspertin fikrincə, bir sıra turist şirkətlərinin müflisləşməsi qaçılmazdır.
Vidadi ORDAHALLI