Vətən müharibəsində əldə olunan qələbəni qərəzli şəkildə təftiş edən müxalifətin radikal qanadı əsası olmayan iddialarla çıxış edir. Baxmayaraq ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı ucbatından Azərbaycanın 20 faiz ərazisi işğal olundu.
Vaxtilə onlar siyasi ambisiyalarını cilovlayıb milli mövqedən çıxış etsəydilər, o zaman vəziyyət tamam başqa cür olardı. Yəni ermənilər ərazilərimizi işğal edə bilməzdilər. Nəticədə yüz minlərlə ölkə vətəndaşı yerindən-yurdundan didərgin düşməzdi. Hansı ki, bunun nəticəsində olmazın məhrumiyyətlərə düçar oldular. Bütün bunlar onu göstərir ki, sözügedən qüvvələr yalnız konyuktur maraqlardan çıxış edirlər.
İndi də Milli Şura üzvləri və xaricdə fəaliyyət göstərən radikallar belə iddialarla çıxış edirlər ki, Qarabağda Rusiya sülhməramlılarının mandatının olmaması yeni problemlər vəd edir. Guya Baydenin prezidentlik fəaliyyətinə başlayandan sonra Rusiyaya yönəlik radikal mövqe sərgiləyəcəyi səbəbindən, mandat məsələsi daha da müşkülə düşəcək və bundan istifadə edən ermənilər bəzi əraziləri yenidən ələ keçirəcəklər. Bunu onunla əsaslandırmağa çalışırlar ki, Bayden erməni lobbisinə daha yaxındır. Bütün bunlarla yanaşı, guya beynəlxalq miqyasda Azərbaycana xarici təzyiqlər artacaq və nəticədə hakimiyyət çıxılmaz durumda qala bilər.
Maraqlıdır, deyilənlər nə dərəcədə reallığı əks etdirir?
“Qərb qəbul etməz deyə 30 il də torpaqların işğal altında qalması ilə barışmalıydıq?”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, radikalların ortaya atdığı bu versiyanın heç bir əsası yoxdur: “Əvvəla siyasət mümkün olanı etmək sənətidir. Hansı ki, bir vaxtlar hakimiyyətdə olan radikallar bunu edə bilmədilər. Onların səriştəsizliyi üzündən erməni işğalçıları Qarabağı və ətraf rayonları işğal etdilər. Ən azından, onların qabiliyyətsizliyi buna zəmin yaratdı. Məhz onların hakimiyyəti dönəmində ABŞ Azərbaycana dövlət yardımını qadağan edən “907-ci düzəliş”i qəbul etdi. Azərbaycan Ordusu 44 günlük müharibədə böyük uğura imza atdı. Ərazilərin böyük hissəsini işğaldan azad etdi. Radikallar deyirlər ki, gərək Xankəndi də azad ediləydi. Sanki hakimiyyət bunu istəmirmiş. Bunlar anlamaq istəmirlər ki, Prezident İlham Əliyev nə mümkündürsə onu edib. Ancaq elə məsələlər var ki, orada dayanmaq lazımdır. Atəşkəsdən sonra 26 ildən çox idi danışıqlar prosesi yerində sayırdı. Qərb ölkələri bir dəfə də olsun işğalçı Ermənistana siyasi, iqtisadi xarakterli hansısa təzyiq göstərmədilər. Rusiyanın sülhməramlı mandatını Qərb qəbul etməz deyə 30 il də torpaqların işğal altında qalması ilə barışmalıydıq? O üzdən, hesab edirəm ki, radikalların ortaya atdığı arqumentlər cəfəngiyyatdır. O ki, qaldı Co Baydenin prezidentlik fəaliyyətinə başlayandan sonra ermənilərin xeyrinə qərarlar verəcəyinə, bu mülahizələrin də bir əsası yoxdur. Ona görə ki, Bayden son nəticədə ermənilərin yox, ABŞ-ın maraqlarından çıxış edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqazda Azərbaycanın oynadığı rolun fərqindədir. Üstəlik, Azərbaycanın İsrail kimi yaxın tərəfdaşı var. İsrailin də ABŞ üçün nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Bütün bunlardan çıxış edərək bədbin olmağa heç bir əsas yoxdur”.
Siyasi ekspert hesab edir ki, ümumən proseslər Azərbaycanın xeyrinə inkişaf edir.
Vidadi ORDAHALLI