44 günlük müharibənin bəzi həqiqətlərinə Hyuman Rayts Votç beynəlxalq hüquq müdafiə təşkilatının münasibətində mütərəqqi dəyişikliklər sürətlə gedir. Yada salaq ki, bu təşkilat müharibədən əvvəl Azərbaycana hansı "eynəklə" baxırdı.
Az qala küçələrdə insanların siyasi, dini və milli mənsubiyyətlərinə görə güllələndiklərini iddiaç etmək həddinə çatırdı. Elə müharibə günlərinin ilk əvvəllərində də ənənəvi mövqedə Azərbaycanı "asıb -kəsməklə "məşqul olurdu. Taa o vaxta qədər ki, prezidentimiz bir xarici televiziyaya müsahibəsində məhz bu təşkilatın ünvanına "bəs Azərbaycana indiyə qədər niyə gəlmirdilər, qonşu ölkəyə gedib bizim barəmizdə hesabat verirdilər, bizim tənqidlərimizdən sonra gəlməyə başlayıblar" kimi sərt və yetərincə ədalətli irad bildirdi.
Maraqlıdır ki, məhz bundan sonra təşkilat əməlli başlı dəyişməyə başladı. Dəyişiklik o həddə çatdı ki, bir vaxtlar erməniləri ideallaşdıran "hyuman..." ikinci Qarabağ müharibəsində Ermənistanın cinayətləti barədə iki ifşaedici hesabat yaydı.
Hər iki hesabat Ermənistanı məhz o cinayətdə suçladı ki, Rusiya və Fransanın bəzi yüksək rəsmiləri heç bir sübut gətirmədən həmin müharibə cinayətlərində Azərbaycanı suçlamağa çalışırdılar.
Təşkilatın ikinci hesabatının elə adı özlüyündə erməni cinayətlərinə möhkəm diqqət cəlb edir - "Ermənistan Azərbaycana qarşı klastr bombalardan istifadə edir". "Hyumanın..." hesabatının dünyaya çatdırdığı bu faktlar çox önəmlidir ki, Ermənistan Tərtər, Bərdə və Goranboy rayonlarında sırf mülki hədəflərə 4 klastr bombası atmaqla 21 mülki şəxsi qətlə yetirmiş, 70 -ə yaxın insana fiziki xəsarətlər yetirib.
Ermənistan ordusunun arsenalında “Toçka”, “İskəndər" kimi ballistik raketlərin, "Smerç" və Çin istehsallı digər klastr bombaları daşıya bilən yaylım atəş sistemlərinin mövcudluğunu bəyan etməklə əslində beynəlxalq təşkilat ermənilərin müharibə cinayətlərini qəsdlə və öncədən hazırlaşmaqla icra edildiyini təsdiqləyir.
Nəzərə alaq ki, "Hyuman" açıq ermənipərəst siyasəti ilə hər zaman seçilib. Hətta onun rəhbərliyində etnik ermənilərin olduğu barədə məlumatlar da əsassız yayılmırdı. 44 günlük müharibənin dünyada Azərbaycanın və Ermənistanın siyasətlərinə kardinal dəyişiklik etdiyini bu fakt da əyani sübut edir ki, hətta ermənipərəst bir təşkilat da haqq yoluna dönə bilərmiş.
Aydın QULİYEV