Xankəndidə qondarma rejimin “bayraq”ları endirilib. Bu barədə erməni Telegram kanallarında foto paylaşılıb. Fotoya şərh yazan bir çox ermənilər yaxın günlərdə şəhərə Azərbaycanın nəzarət edəcəyini bildiriblər. Çox maraqlıdır ki, son vaxtlar ermənilərin Qarabağla bağlı dezinformasiyalarının böyük əksəriyyəti Teleqram kanalları vasitəsilə yayılır. Bu məlumatın da nə dərəcədə həqiqət və ya erməni oyunu olması ilə bağlı nəsə deyə bilmərik. Ancaq bəri başdan qeyd etməliyik ki, Dağlıq Qarabağın istənilən şəhərində və ya kəndində Azərbaycan bayrağının dalğlalanması tam təbii haldır. Çünki həmin ərazilərin hamısı Azərbaycanın yurisdiksiyasına aiddir. Xankəndi də Azərbaycanın ərazi vahidinə aid olan şəhərimizdir və orada bizim bütün qanunlarımızın işləyəcəyindən tutmuş, bayrağımızın dalğlanmasına qədər bütün atributlarımız öz yerində olacaq.
“Artıq biz ərazi bütövlüymüzü tam təmin etmişik, qalan məsələlər texnikidi və onlar da zamanı gələndə öz müsbət həllini tapmış olacaq”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Ermənistanın Xankəndidə qaldırdığı əski parçasına heç vaxt bayraq kimi yanaşmayıb: “Cünki həmin əski parçasını dünyada heç bir ölkə dövlət rəmzi kimi qəbul etməyib. Hətta Ermənistanın özünün belə Qarabağda olan həmin qondarma qurumu tanımağa cəsarəti çatmayıb. Bu səbəbdən də, Xankəndidə hansısa binanın üzərinə bu əski parçasını taxmaq provokasiyadan başqa nəsə deyil. Əvvəl bizim ərazimizin böyük hissəsi işğaldaydı. Bu səbəbdən də belə provokasiyaları edə bilirdilər. İndi isə orada belə addımların atılması mümkün deyil. Orada bu cür məsələlərə hazırda rus sülhməramlıları nəzarət edir. Onlar da bölgəyə müəyyən öhdəlikləri üzərlərinə götürərək gəliblər. Belə halların mövcudluğu birbaşa Rusiya sülhməramlılarının missiyasına olan inamı heçə endirir. Təbiidir ki, Qarabağın istənilən yerində qondarma quruma aid hansısa atributların olması qəbuledilməzdir. Hələlik bu məsələlərə cavabdeh Rusiya missiyasıdır. Hazırda ermənilərin yaşadığı ərazilərimizdə bizim inzibati idarəetməmiz tam təmin olunmayıb. Yaxın zamanlarda bunun tam bərqərar olacağı gözlənilir. Hələlik Azərbaycan öz dövlət sərhədinin delimitasiyasını aparır. Ermənistanla Azərbaycan arasında sərhəd tam müəyyənləşəndən sonra, tədricən bizim digər ərazilərimizdə də lazımi işlər tamamlanacaq. Bura bizim məcburi köçkün olan əhalimizin yerləşdirilməsini, idarəetməmizin tam təmin olunmasını aid edə bilərik. Sizin dediyiniz hadisənin baş verməsi tam qanunidir. Ancaq düşünmürəm ki, Azərbaycan bu məsələdə tələskənlik etsin. Xankəndidə hazırda kompakt olaraq ermənilər yaşayır. Oranın tam şəkildə bizim yurisdiksiyamıza keçirilməsi bir qədər vaxt aparacaq. Yəqin ki, belə məlumatları indidən yaymaqla ermənilər müəyyən təxribatlara əl atmaq istəyirlər. Ancaq biz heç bir provokasiyaya getməyəcəyik”.
Ekspertin sözlərinə görə, artıq biz ərazi bütövlüymüzü tam təmin etmişik, qalan məsələlər texnikidir və onlar da zamanı gələndə öz müsbət həllini tapmış olacaq: “Bu hadisə olubsa belə, tam qanuni addımdır”.
Məhəmmədəli QƏRİBLİ