Ermənistanın baş nazir Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə Qarabağdakı vəziyyəti, danışıqların bərpasını, Qarabağ ermənilərinin təhlükəsizliyini müzakirə edib. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, baş nazir Qarabağ probleminin hərtərəfli nizamlanması məqsədilə Minsk Qrupu həmsədrliyi formatında danışıqların bərpasının vacibliyini bildirib.
Paşinyan həmsədrlərlə görüşü zamanı Qarabağ probleminin hərtərəfli nizamlanması məqsədilə Minsk Qrupu həmsədrliyi formatında danışıqların bərpasının vacibliyini vurğulamaqla yanaşı, yenə əvvəlki təxribatçı mövqeyini ortaya qoyub. Məsələ ondadır ki, o, prioritet kimi yenə də "xalqın özünütəyin hüququnu reallaşdırması prinsipi, Azərbaycanın tutduğu ərazilərin azad edilməsi, qarabağlıların evlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin edilməsi, mədəni-dini irsin saxlanması nəzərə alınmaqla Qarabağın statusunun müəyyən edilməsinin vacibliyini" göstərib.
Belə məlum olur ki, Paşinyan 44 günlük müharibədə Ermənistanın üzləşdiyi acınacaqlı məğlubiyyətdən nəticə çıxarmaq istəmir. Belə olmasaydı, o zaman, necə deyərlər, əvvəlki havanı çalmazdı. Bu adam anlamaq istəmir ki, əvvəlki status-kvo aradan qaldırıldı. Buna səbəb Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbədir. Ordumuzun gücü sayəsində 7 ətraf rayon, Dağlıq Qarabağın da 40 faizi işğaldan azad edilib. Bu isə o deməkdir ki, 27 sentyabrdan əvvəlki vəziyyət köklü şəkildə dəyişib. Prezident İlham Əliyev də bir neçə dəfə bəyan edib ki, hansısa statusdan söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq, Paşinyan yenə də status deyir. Bu nə deməkdir?
“Nə deməsindən asılı olmayaraq, o, Azərbaycan qarşısında götürdüyü kapitulyasiya öhdəliklərini yerinə yetirməlidir”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Paşinyanın yenə status barədə sərsəmləməsi iki səbəblə bağlıdır: “Bunun bir səbəbi onunla bağlıdır ki, Paşinyan doğrudan da xəstədir. Ermənilər özləri də deyirlər ki, o, vaxtaşırı psixi problemləri ilə əlaqədar dərmanlar atır. Bir dəfə Ermənistan ictimai televiziyasına müsahibə verərkən onun bu cür dərmanlardan istifadə etməsi ortaya çıxıb. Buna səbəb fasilə vaxtı kameranın açıq qalması olub. Bütün bunlar onu göstərir ki, Paşinyan ruhi xəstədir. İkincisi, Paşinyan ona görə status məsələsini önə çəkir ki, bununla xalqı aldadıb hakimiyyətdə qalma müddətini uzatsın. Məqsədlərdən biri bundan ibarətdir. Çünki Paşinyan hakimiyyətdən getsə, özü və ailəsi linç ediləcək. Paşinyanı bu gün saxlayan ətrafında qurulan mühafizə sistemidir. Ona görə də Paşinyan belə bəyanatlar verməklə göstərmək istəyir ki, guya Qarabağla bağlı əvvəlki mövqeyindən geri çəkilməyib. Paşinyanın nə deməsindən asılı olmayaraq, o, Azərbaycan qarşısında götürdüyü kapitulyasiya öhdəliklərini yerinə yetirməlidir. Məsələn, o, Qubadlı və Zəngilan terminlərini işlətdi. Bu onu göstərir ki, Paşinyan bəzi reallıqları qəbul edib. Bunun nəticəsidir ki, Paşinyan separatçıların rəhbəri Araikin həmsədrlərlə görüşünə imkan vermədi. Hansı ki, əvvəl bunu planlaşdırırdılar, amma sonra proqramdan çıxardılar. Nəzərə almaq lazımdır ki, Rusiya rəsmisi Dmitri Peskov bu günlərdə belə bir fikir işlətdi. Dedi ki, Qarabağda başçı yoxdur. İki tərəf var – Azərbaycan və Ermənistan. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Paşinyanın statusla bağlı səsləndirdiyi fikirlər ictimai rəyə hesablanıb. Mövcud reallıq tamam başqadır”.
Politoloq onu da qeyd etdi ki, bütün hallarda, Qarabağın hansısa statusundan danışmaq yersizdir.
Vidadi ORDAHALLI