Kəlbəcərin Vəng kəndində yerləşən Xudavəng məbəd kompleksi Azərbaycan xalqının əcdadlarının dini etiqadından və əsrlər boyu məruz qaldığı istilalara rəğmən tolerant davranışından xəbər verir. Daş kitabələrdə yazılan Arzu xatun, Tursun, Həsən, Şəms, Altun, Qaragöz və bizim üçün doğma olan digər adlar bu abidə kompleksini ucaldanların etnik mənsubiyyətinin göstəricilərindən biridir.
Mədəniyyət Nazirliyi Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşınması və orada satışa çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, işğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaç, zənglər və digər elementlər Ermənistana daşınıb: “Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək. Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin, Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək”.
Məlumdur ki, Kəlbəcər rayonu respublikamıza təhvil verilənədək monastırı rus sülhməramlıları mühafizə ediblər. Onların gözü qabağında bu cinayət necə baş verib və bununla bağlı Ermənistanın üzərinə hansı məsuliyyət qoyulmalıdır?
“Azərbaycan tərəfi ermənilərin Xudavəng monastırından oğurladıqları suvenirləri, ikonaları, xaç, zəng və digər elementləri geri alacaq”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilər öz xislətlərinə sadiq qalaraq ərazini tərk edərkən Xudavəng monastır kompleksini talan ediblər: “Qoy bütün dünya görsün ki, xristianlıqdan dəm vuran ermənilər heç xristianlığa da hörmət qoymurlar. Onlar ancaq ermənilərin hamıdan yüksək, hamıdan birinci olduğuna inandırmağa çalışırlar. Bu xəstəlik onların özünün rüsvay olması ilə nəticələndi.
Məlumdur ki, monastırı rus sülhməramlıları mühafizə edirdilər. Xudavəng monastır kompleksinin talan edilməsi onların gözünün qarşısında baş verib və onlar buna hər hansı bir reaksiya verməyiblər. Baş vermis hadisə ilə bağlı Ermənistana cinayət işi açılmalıdır”.
Millət vəkili onu da vurğuladı ki, Azərbaycan tərəfi ermənilərin Xudavəng monastırından oğurladıqları suvenirləri, ikonaları, xaç, zəng və digər elementləri geri alacaq. Bu istiqamətdə müəyyən işlər aparılacaq.
Günel CƏLİLOVA