Məlum olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi ilə bağlı açıqlama verib.
Nazirlikdən baki-xeber.com-a verilən məlumata görə, açıqlamada deyilir: “S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk.
Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur.
Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir.
Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq”.
Şühbəsiz ki, Azərbaycanın Türkiyəyə göstərdiyi növbəti dəstək qardaşlıqda daha böyük bir hadisədir.
“...qarşılıqlı etimadımızın, qardaşlığımızın parlaq bir örnəyidir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, Azərbaycan və Türkiyə arasında əbədi qardaşlığın nümunəsidir. “Şübhəsiz ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq həmişə qarşılıqlı olub və bu qardaşlıq “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. Yüz il əvvəl də belə idi, indi də belədir. Yəni bu anlamda məhz Türkiyəyə qarşı ABŞ-ın və bəzi Avropa ölkələrinin yönəltdiyi bu əsassız sanksiyalara qarşı Azərbaycan da qardaş olaraq öz kəskin etirazını bildirir və qardaş Türkiyənin yanında olduğunu, onu dəstəklədiyini göstərir. Azərbaycanın Türkiyəyə bu cür münasibəti, dəstəyi bizim qarşılıqlı etimadımızın, qardaşlığımızın parlaq bir örnəyidir və bu, iki qardaş ölkənin həm regionda, həm də dünyada daha da güclənməsinə səbəb olacaq.
Əlbəttə, Türkiyəyə qarşı ABŞ-ın atdığı bu cür əsassız addımlar, yürütdüyü bu sanksiya qətiyyən doğru deyil. Bu yenə də Qərbin, ABŞ-ın ikili standartla yanaşmasının, ikiüzlülüyünün nəticəsi və göstəricisidir. İndiyə qədər istənilən məsələdə Azərbaycan Türkiyəni tək buraxmadığı kimi, indən sonra da tək buraxmayacaq. Bildiyimiz kimi, Türkiyə də hər zaman bir sıra məsələlərdə Azərbaycana öz dəstəyini ifadə edib. Ona görə də ABŞ sanksiyasına qarşı Azərbaycanın Türkiyə ilə birgə olması, həmrəylik göstərməsi təqdirəlayiqdir.
Yalnız ABŞ deyil, Fransa, Almaniya kimi bəzi Avropa ölkələrində də Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqelər sərgiləndiyini görürük. Biz müharibə dövründə də bunu müşahidə etdik”.
F.Ələkbərli hesab edir ki, bu kimi məsələlərdə Azərbaycanın məhz Türkiyəyə göstərdiyi açıq dəstək və Türkiyənin də Azərbaycana göstərdiyi dəstək nəticəsində bizim münasibətlərimiz daha da dərinləşəcək, daha da möhkəmlənəcək.
Müsahibimizin fikrincə, Azərbaycan və Türkiyədən örnək götürərək Orta Asiya türk dövlətləri də daxil olmaqla, digər türk ölkələrinin də belə məsələlərdə həmrəylik göstərməsi çox vacibdir: “Xüsusən də Avropadan və Qərbdən gələn təhdidlərə qarşı birlik nümayiş etdirmək zəruridir. Türkiyə-Azərbaycan münasibətlərinin bu şəkildə olması ümid edirəm ki, Macarıstan başda olmaqla Avropa türk dövlətlərini də, türk konseyinə daxil olan türk ölkələrini də birləşdirəcək, onlar da ABŞ-ın bu ədalətsiz addımına etiraz edəcəklər. Etmələri zəruridir, vacibdir. Biz bu dəstəyi Pakistandan da gözləyirik.
Bir sözlə, bizim bu qarşılıqlı etimadımız, Azərbaycanın qardaş ölkə olaraq Türkiyənin yanında olması, Türkiyənin də Azərbaycanın yanında dayanması bizim münasibətləri daha da irəliyə daşıyıb aparacaq. Türkiyə ilə Azərbaycanın sərgilədiyi münasibətlər həqiqətən də bir millətin birliyinin göstəricisidir və bu daha da inkişaf etdiriləcək”.
İradə SARIYEVA