Ermənistan və Dağlıq Qarabağdakı terrorçu-separatçı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klaster bombaları atıb.
Bu barədə “Human Rights Watch” təşkilatının dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klaster bombalarından istifadə edib” adlı hesabatında qeyd olunub. Sənəddə bildirilib ki, klaster sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Təşkilat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klaster bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Bu hücumlarda, ikisi uşaq olmaqla, azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil olmaqla 20 nəfər yaralanıb: “Klaster sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir. Həm Ermənistan, həm də Azərbaycan klaster sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”.
Klaster bombaları həm artilleriya, həm raket, həm də minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.
Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klaster bombalardan istifadə etmədiyini bildirib, üstəlik, yalnız hərbi hədəfləri vurduğunu açıqlayıb.
Təşkilat oktyabrda Azərbaycanın Bərdə şəhərinə klaster bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.
Hesabatda standart beynəlxalq nəşrlərə istinadla qeyd olunur ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Sənəddə vurğulanıb ki, Dağlıq Qarabağdakı qüvvələrin klaster sursatları olmadığından, bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da o, Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib.
“Klaster sursatları qadağan olunduğundan, heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”, – “Human Rights Watch” hesabatının sonunda qeyd olunub.
Qeyd edək ki, bu, “Human Rights Watch”un Ermənistanın etdiyi müharibə cinayətlərini sübut edən birinci hesabatı deyil. Kifayət qədər dəlillərin ortaya qoyulduğu və Ermənistanın bəşəriyyət əleyhinə olan müharibə cinayətlərini tam sübuta yetirən bu hesabatlar Ermənistana qarşı beynəlxalq səviyyədə hansı hüquqi addımların atılması və ya prosedurların başlanmasına imkan verə bilər?
“Bu faktlar Ermənistan rəhbərliyini beynəlxalq hərbi tribunala cəlb etmək üçün tam yetərlidir”
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulub: “Ali Baş Komandan İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib.
Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir.
Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimiz hədəfə alınmaqla, qadağan olunmuş kasset və fosfor bombalarından istifadə edilib. Hazırkı vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilib, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla qəddar və ağlasığmaz hərəkətlər kimi qiymətləndirilib. Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumların bu məsələdə ədalət naminə prinsipiallıq göstərmələri lazımdır”.
Hüquqşunas hesab edir ki, bu faktlar Ermənistan rəhbərliyini beynəlxalq hərbi tribunala cəlb etmək üçün tam yetərlidir.
Məhəmmədəli QƏRİBLİ