Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatskiy öz ölkəsinə aid sülhməramlıların Qarabağdakı son fəaliyyətindən danışıb. O, erməni terrorçularının Hadrut istiqamətində yaratdığı təxribatlarla bağlı yaranan gərginliyi şərh edərkən Rusiya sülhməramlı kontingentinin məsələyə aktiv müdaxiləsini vurğulayıb. Maraqlı olan budur ki, deputat həmin ərazidəki sülhməramlılara Rusiyanın Suriyada aktiv döyüş yolu keçmiş təcrübəli generallarının rəhbərlik etdiyini bildirib. Bir məqam xüsusilə diqqəti çəkir. Niyə Rusiya sülhməramlı kontingentinin tərkibini məhz qaynar nöqtələrdə aktiv döyüş yolu keçmiş genarallarla zəngin edib?
Bu suala cavab tapmazdan əvvəl Rusiya sülhməramlılarına rəhbərlik edən generalların keçdiyi həyat yolu ilə maraqlandıq. Yalnız sülhməramlı kontingentə rəhbərlik edən general Rüstəm Muradovla bağlı bəzi məlumatları əldə edə bildik. Məlum oldu ki, 2017-ci ildə Suriyada hərbi müşavir kimi xidmət edən general Deyr əz-Zor bölgəsində yerləşən Rusiya hərbi qüvvələrinə komandanlıq edib və həmin ezamiyyətin yekunlarına görə o, ölkənin ən yüksək mükafatına - Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Mükafatı ona Kremldə Prezident Vladimir Putin tədqim edib. Suriyadan qayıtdıqdan sonra general Muradov Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı briqadanın daxil olduğu Mərkəzi Hərbi Dairənin 2-ci Ümumqoşun Ordusuna komandanlıq edib. Rusiya sülhməramlıları 2019-cu il ərzində üç dəfə Tacikistandakı təlimlərdə iştirak ediblər. Kontingetə rəhbərlik edən digər genaralların kimliyi ilə bağlı media resurslarında heç bir məlumata rast gəlmədik.
“Bu seçimin özü Rusiyanın bölgədə necə ciddi maraqlarının olmasına tam adekvatdır”
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın bu məsələdəki niyyətləri hamıya bəllidir: “Hesab edirəm ki, sülhməramlılarla bağlı seçilən bu taktika Rusiyanın Qarabağda daha da möhkəmlənmək cəhdinə hesablanıb. Rusiyanın Qarabağdakı mövcudluğu regionda maraqları olan digər ölkələr üçün arzuolunan deyil. Bu arzuolunmaz prosesinin qarşısını almaq üçün Rusiya qabaqlayıcı tədbirləri bəri başdan görür. Sırf döyüş generallarını sülhməramlıların tərkibində Qarabağa göndərməyə gəldikdə isə, bunun da izahı var. Çünki Rusiya bu məsələdə üzərinə ciddi öhdəliklər götürüb. Əldə olunan razılaşmada bildirilir ki, bütün erməni silahlı birləşmələri Dağlıq Qarabağ ərazisindən çıxmalıdır. Rusiya bunu əvvəlcədən təxmin edib ki, ermənilər bu məsələdə cığallıq edə bilər. Artıq biz bunun ilkin işartılarını görürük. Ermənistan silahlıların tərk edilməsilə bağlı öhdəliyinə tam əməl etməsə, məhz rus sülhməramlılarının da erməni silahlıları ilə toqquşması qaçılmaz ola bilər. Bu səbəbdən də, həmin əraziyə döyüş yolu keçmiş, nisbətən təcrübəli və ən əsası, Rusiyaya daha sadiq olan generallar göndərilib. Sülhməramlıların rəhbəri olan Rüstəm Muradov həm də Rusiyanın milli qəhrəmanıdır. Mənə elə gəlir ki, bu seçimin özü Rusiyanın bölgədə necə ciddi maraqlarının olmasına tam adekvatdır. Biz istərdik ki, həmin qüvvələr öz təcrübəsini regionda sülhün təmin olunması və ermənilərin öhdəliklərinə tam əməl etməsinə yönəltsinlər”.
Ekspertin sözlərinə görə, təcrübə düzgün istiqamətdə istifadə olunanda ortaya yaxşı nəticələr çıxır və biz heç bir halda bunun tərsini görmək istəmirik.
Məhəmmədəli QƏRİBLİ