Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı.
Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənib.
Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi
Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaqla təmsil olundu.
Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Ötən dövrün ən mühüm hadisələrindən biri Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir.
Azərbaycan diasporunun dönüş ili...
2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur. Belə ki, ilin əvvəllində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq milli birlik nümayiş etdirərək, bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi və beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Xaricdəki ziyalılarımızın fikrincə, döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş indi başlayır.
Xaricdəki güneyli soydaşlarımızla koordinasiya güclənməlidir...
Bununla yanaşı, əksər diaspor fəalları və mütəxəssisləri hesab edirlər ki, dünyada güclü təşkilatlanmış erməni diasporuna qarşı daha effektiv mübarizə üçün, Azərbaycan diasporu bir sıra vacib addımlar atmalıdır. Bunların sırasında türk və Cənubi Azərbaycandan olan soydaşlarımızın təmsil olunduğu diaspor təşkilatları ilə daha sıx əlaqələrin qurulmasının vacibliyi vurğulanır. Etiraf edək ki, bu istiqamətdə diasporlararası koordinasiya heç də bizim istədiyimiz səviyyədə deyil. Xüsusilə də dünyanın bir çox ölkələrində sayca daha çox olan Cənubi Azərbaycandan olan soydaşlarımızla diaspor münasibətlərinin daha da təkmilləşdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?
“Güneylilər Qarabağ məsələsinə öz vətənlərinin problemi kimi yanaşırlar”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, diasporun daha da fəallaşması bizim yürüdəcəyimiz siyasətdən dah çox asılıdır: “Bildiyiniz kimi, diasporumuzda güneylilərin sayı həddən artıq çoxdur. Bu da təbiidir. Çünki Güneydə 40 milyon azəru türkü var, bizdə isə say 10 milyondur. Bundan əlavə, soydaşlarımızın İrandan xaricə axını uzun illəri əhatə edir. Bizdə isə bu proses SSRİ dağılandan sonra başlayıb. Bu çoxluqdan biz yetərincə yararlana bilirikmi? Məlum mövzu ilə bağlı kifayət qədər araşdırmalar aparan biri kimi deyə bilərəm ki, yox! Son hadisələr zamanı biz gördük ki, Güneylilər Qarabağ məsələsinə birbaşa öz vətənlərinin problemi kimi yanaşırlar. “Zəfər paradı” zamanı Ərdoğanın söylədiyi şeirlə bağlı İranın ifadə etdiyi narazılığa güneyli diaspor nümayəndələrimiz daha sərt reaksiya verdi. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər videomateriallar yayılıb. Biz analoji münasibəti rus sülhməramlılarının Qarabağda xəritələr cızmasına reaksiyada da gördük. Bütün bunlar Güneylilərdən ibarət diasporumuzun fəallığını şərtləndirir. Mən istərdim ki, bizim KİV-lər Güneyli soydaşlarımızın keçirdiyi tədbirlərə də geniş yer versin. Təəssüf ki, bunu çox nadir hallarda görürük. Pandemiya olmasına baxmayraq, biz Cənubdan olan diaspor nümayəndələrimizin mümkün qədər Azərbaycana səfərlərini təşkil etməliyik. Mən bu xüsusda sənətçiləri daha çox nəzərdə tuturam. Çünki həmin soydaşlarımızın sırasında kifayət qədər tanınmış sənətçilər var”.
“Ortaya konkret hədəflərə hesablanan layihələr qoymaq lazımdır”
Ekspertin sözlərinə görə, bu addımlar güneyli soydaşlarımızda bizə bağlılığı daha da artıra bilər: ”Güneydən olan diaspor nümayəndələrimizin nəzarətində olan teleqram sosial şəbəkəsindəki kanalların hamısının mövzusu Qarabağ, 44 günlük müharibə olub. Yəni bu koordinasiyanı qurmaq üçün bizə elə də böyük zəhmət tələb olunmur. Yetər ki, ortaya səy qoyulsun. Bir daha təkrar etmək istəyirəm ki, bu istiqamətdə dövlət qurumlarımızın böyük dəstəyi də lazımdır. Bizim əlaqədar qurumlar əsasən buradan köçənlərlə iş qurur, əlaqə saxlayır. Güney Azərbaycandan, Kərkükdən, Türkiyədən olub özünü Azərbaycan türkü sayan insanlar var. Onlarla iş çox zəifdir. Bu işin ciddi təşkili diasporumuzun gücünə əlavə güc qatar. Hesab edirəm ki, bu işdə əsas məsuliyyət səfirlərimizin də üzərinə düşür. Bütün bunların diasporla işin koordinasiya olunmasına da ciddi təsiri olur. Ortaya konkret hədəflərə hesablanan layihələr qoymaq lazımdır. Bu layihələrdə vətən sevgisi, adət-ənənələrimiz, insanlarımızı bir yerə toplaya bilən bütün təbliğat vasitələrindən istifadə olunmalıdır.
“Bu heç də o demək deyil ki, onların bizim dəstəyimizə ehtiyacı var”
Qoy o insanlar da hiss etsinlər ki, Azərbaycan dövləti onları düşünür. Belə olanda fərdlərin mövqeyi də bizim istədiyimiz formada olacaq. Bizim elə cənublu diaspor nümayəndələrimiz var ki, kifayət qədər imkanlıdır. Öz vəsaitləri ilə bütün prosesi aparmağa hazırdırlar. Zamanında hansısa məmurun, səfirin diqqətsizliyi üzündən prosesdən kənarlaşıblar. Belə vətənpərvər insanları yenidən tapıb onlara diqqət göstərmək lazımdır. Güneydən olan Sevil Süleymani müsahibəsində deyir ki, ABŞ-da Azərbaycanı ingilis dilində təbliğ edən yetərincə ədəbiyyat yoxdur. Bir daha qeyd edim ki, xüsusilə Güneylə bağlı olan təşkilatlara diqqəti artırmalıyıq. Bu heç də o demək deyil ki, onların bizim dəstəyimizə ehtiyac var. Onların özlərinin də gücləri kifayət qədərdir. Sadəcə, bu gücləri balanslaşdırıb bir məqsədə xidmət etdirmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.