Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazı müsabiqəsi elan edib.
KİVDF tərəfindən elan edilən son müsabiqələrdə diqqətiçəkən müsbət məqamlar çoxdur. Burada həm müsabiqə şərtləri mexanizmlərinin sadələşdirilməsi, həm də təqdim edilən mövzuların yeniliyidir ki, bu mövzular da müasir çağırışlara tam cavab verir. Demək olar ki, təqdim edilən mövzuların mütləq əksəriyyəti yeni biçimdədir. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu: Azərbaycanda dövlət quruculuğu istiqamətində intensiv islahatlar”, “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi: “fake xəbər” və “deep fake”lə mübarizə üsulları”, “Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusunun şanlı qələbəsi: Qarabağ Azərbaycandır!”, “İşğaldan azad olunmuş ərazilərimizin turizm potensialı”, “Multikulturalizmin Azərbaycan modeli – birgəyaşayışın parlaq nümunəsi”, “İnformasiya mübarizəsi və onun həyata keçirilmə mexanizmləri”, “Pandemiya ilə mübarizədə medianın rolu və fəaliyyət istiqamətləri” kimi mövzular zamanın, günün nəbzini tutur. Əlbəttə, müsabiqədə bu kimi mövzuların təqdim edilməsi jurnalistlərin qarşısında yeni yaradıcılıq yolları açır.
Akif Aşırlı: “Fond tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqələrində mövzuların yeniləşdirilməsi müsbət haldır”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Bakı-Xəbər”ə bildirdi ki, KİVDF-nin fərdi jurnalist yazı müsabiqəsində yeni mövzuların təqdim edilməsi çox müsbətdir. “KİVDF yeniliklərə və müzakirələrə açıq bir qurumdur. Təbii ki, bu qurumda müzakirələr mütəxəssislərin iştirakı ilə olur və qərar qəbul edilir. Bu baxımdan da, Fond tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqələrində mövzuların yeniləşdirilməsi müsbət haldır. Doğru və düzgün istiqamətin müəyyənləşdirilməsi üçün belə addımların atılıması vacibdir. Digər bir tərəfdən, KİVDF-nin keçirdiyi müsabiqələrdə jurnalistlərin iştirakı üçün sadələşdirilmiş bir sistemə keçid posesi var və hər bir jurnalist özünün kabinetini yaradır və özünə aid bütün məlumatları orada əks etdirir. Eyni zamanda, müsabiqəyə onlayn şəkildə qatılır. Qəzetlərin də maliyələşdirilməsi ilə bağlı sənədlər də artıq kağız variantından elektron varianta keçib və bu da şəffaflıq, proseslərin daha operativ aparılması baxımından çox düzgün yanaşmadır. Hesab edirəm ki, KİVDF-nin bu cür yeniliklərə açıq olması müsbət bir haldır, çünki jurnalistika özü yenilikləri tələb edirlər. Bu yeniliyi də biz KİVDF-də görürüksə, bu nə xoş, nə yaxşı” - deyə A.Aşırlı bildirdi.
Şakir Ağayev: ”KİVDF tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqəsində zamanın, günün nəbzini tutan aktual mövzuların təqdim edilməsi təqdirəlayiq haldır”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də məsələni müsbət qiymətləndirir: ”Biz bundan əvvəlki söhbətimizdə də KİVDF-də gedən islahatlar, baş verən yenilikləri qeyd etmişdik. Fərdi jurnalist yazı müsabiqələrində də artıq bu yeniliklər tətbiq olunub. Müsabiqə şərtlərindən tutmuş, təqdim edilən mövzulara qədər bu müsbət yeniliklər özünü göstərir. Müasir çağırışlara cavab verən və böyük əhəmiyyətə malik aktual mövzuların fərdi jurnalist yazı müsabiqəsi iştirakçılarına təqdim edilməsi KİVDF-nin bu aktual məsələlərə reaksiyasının nəticəsidir və bu çox müsbətdir. Çünki bir neçə mövzu illərlə qala bilməz, müasir dövrümüzdə, qloballaşmış dünyada hər an, hər dəqiqə istər ictimai-siyasi, istər iqtisadi və başqa sahələrdə yeniliklər baş verir və Azərbaycanda da bu yeniləşmə prosesi gedir. Təbii ki, müsabiqəyə yeni və aktual mövzularının daxil edilməsi müsbət haldır. Məsələn, dünyanın əsas probelmlərindən biri olan pandemiya ilə bağlı mövzunun daxil edilməsi imkan verəcək ki, bu istiqamətdə aparılan maarifçilik işlərinə jurnalistlər də töhfə versinlər. Yaxud 44 günlük Vətən müharibəsi ilə bağlı mövzunu götürək. Müsabiqəyə Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərlə, Qarabağda görülən tikinti-quruculuq işləri, işğaldan azad edilən bölgələrin dirçəlməsi, inkişafı, yenidən qurulması barədə mövzuların əks olunması çox müsbətdir. Qələbə mövzusunda yazmaq həmişə ürəkaçandır. Təbii ki, KİVDF tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqəsində zamanın, günün nəbzini tutan aktual mövzuların təqdim edilməsi təqdirəlayiq haldır”.
İradə SARIYEVA