Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı kampaniya başladılıb. Bu barədə sosial şəbəkələrin Azərbaycan seqmentində aktiv paylaşımlar edilir. Müraciətdə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması tələb olunur, bu məqsədlə petisiya başlanıldığı bildirilir. Eyni zamanda xahiş olunur ki, bu müraciətə daha çox imza toplamaq üçün bu linki http://chng.it/NjYqZx5Dzz hər kəs üzv olduğu qruplarda paylaşsın. Petisiyada bildirilir: "Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları və ictimai xadimləri tərəfindən Prezident İlham Əliyevə müraciət göndərilib. Bu müraciətə ictimai dəstək vermək istəyən hər kəsi aşağıdakı linkə daxil olub, sənədi imzalamağa dəvət edirik".
Bu petisiyanın sülh prosesinə nə kimi ziyanı ola bilər və bu kampaniyada bəzi Qərb ölkələrinin əlinin olma ehtimalı nə dərəcədə mümkündür?
“Bu cür məsələlərdə başqa ölkələrin, xüsusilə də Qərb dairələrinin əlinin olmasını istisna etmirəm”
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlıları həmin əraziyə özbaşına gəlməyiblər: “Onların bu prosesdə iştirakı üçtərəfli Bəyanatın müddəalarında razılaşdırılıb. Həmin qüvvələrin dislokasiya ərazisi sırf Azərbaycan ərazisi olduğu üçün fəaliyyətlərini mütləq mənada bizimlə razılaşdırmalıdırlar. Bundan kənara çıxanda haqlı narazılıqlar yaranmış olur. Yeni xəritə ortaya qoyulanda biz bu narazılığın şahidi olduq. Bu səbəbdən də sülhməramlılar öz fəaliyyətlərini razılaşmanın tələbləri əsasında qurmalıdırlar. Bizim cəmiyyətdə sülhməramlıların yerləşdirilməsilə bağlı fikir birmənalı olmayıb. Bunu siz də yaxşı bildiyiniz üçün uzun-uzadı danışmaq istəmirəm. Əsas məsələ budur ki, Rusiya sülhməramlılarının yerləşməsi bizim hakimiyyətin razılığı ilə olub. Onları bəyanat və ya petisiya ilə buradan çıxarmaq mümkün deyil. Bunun üçün Azərbaycan rəhbərliyinin tələbi olmalıdır. Hələlik isə bunu tələb etmək məqbul deyil. Çünki bu, sülh prosesinə ziyan vura bilər. Ancaq bu heç də o anlama gəlmir ki, sülhməramlılar istədikləri kimi fəaliyyət göstərə, öz səlahiyyətlərinə aid olmayan məsələlərə baş qoşa bilərlər. Belə olacağı təqdirdə, həmin müqaviləyə birbaşa Azərbaycan hakimiyyəti tərəfindən xitam verilə bilər. Bu cür məsələlərdə başqa ölkələrin, xüsusilə də Qərb dairələrinin əlinin olmasını istisna etmirəm. Çünki regionda maraqlar toqquşur. Rusiyanın bu məsələdəki aktivliyi Qərb dairələrini qane etmir. Ola bilər ki, dediyiniz petisiya da həmin dairələrin maraqlarını ifadə edən adamlar tərəfindən hazırlanıb. Bu barədə konkret nəsə deyə bilmərəm. Ona görə bunu istisna etmirəm ki, Rusiyanın fəallığını istəməyənlər həddən artıq çoxdur”.
Ekspertin sözlərinə görə, yaxşı olar ki, Rusiyadakı bəzi dairələr də qızışdırıcı mövqelərindən əl çəksinlər: “Xüsusilə də sülhməramlılara öz səlahiyyət çərçivələrindən kənara çıxmamaqla bağlı ciddi tapşırıq verlisin. Belə olmayacağı təqdirdə, sonuncu etirazlardan çox narazılıq yarana bilər. Bu narazılıqlarda sülhməramlıların regiondan qovulması tələb edilmirdi, onlar qanuni fəaliyyətə çağırılırdı. Bu başqa məsələdi, sizin dediyiniz petisiyanın tələbi başqa”.
Məhəmmədəli QƏRİBLİ