Məlum olduğu kimi, bilavasitə Rusiyanın rəsmi dairələrinin aktiv iştirakı ilə Suriyada prezident Hafiz Əsədə sadiq qüvvələr sıralarından onlarla suriyalı Ermənistana, oradan da Qarabağa göndərilib. Onlar İkinci Qarabağ savaşında Azərbaycana qarşı vuruşublar. Bununla yanaşı, Suriyadakı ermənilərdən ibarət qruplar Qarabağa döyüşlərə daşınıblar. Daşınma Rusiyanın Suriyadakı əsas hərbi bazası olan Xmeymi aviabazasından həyata keçirilib.
Qarabağa döyüşə göndərilənlər Əsəd tərəfdarlarının 5-ci briqadasının üzvləri idilər. Onların əksəriyyəti Homs və Deyr əz Zor sakinləri idi. Rusiya onları əvvəlcə Liviyaya, feldmarşal Xəlifə Xəftarın dəstələrində vuruşmağa yollayıb. Orada hərbi əməliyyatların intensivliyi azalanda və Qarabağda savaş başlayanda isə onları Ermənistana göndəriblər. Suriyalılar Qarabağa döyüşməyə gedəcəklərini bilməyiblər. Suriyadan Ermənistana ən azı 5 aviareys olub. Qarabağdakı döyüşlərdə həlak olanların meyitləri və yaralılar isə Homsa aparılıb. Yaralılar Homsdakı hərbi hospitala yerləşdiriliblər. Suriyalı ermənilər isə Ermənistana Beyrut və Dəməşq hava limanlarından səmaya qalxmış təyyarələrlə daşınıblar. Onların "səfər"lərini Livandakı ermənilərin siyasi və terror təşkilatları təşkil ediblər. Bununla belə, Suriyadan gələnlərə Qarabağda ayda 2 min dollar maaş veriləcəyi deyilsə də, onları aldadıblar, 1 sent də ödəməyiblər.
Maraqlıdır ki, ortada bu cür ciddi faktın olmasına baxmayaraq, Fransanın, o cümlədən, digər aparıcı dövlətlərin populyar informasiya vasitələrinin, dövlət rəsmilərinin səsi çıxmır. Halbuki, 44 günlük döyüşlər zamanı Azərbaycanı heç bir fakt olmadan Suriyadan muzdlu döyüşçü gətirməkdə ittiham edirdilər. Onların müxbirləri jurnalist kimi yox, müstəntiq kimi özlərini aparırdılar. Yeri gəldi-gəlmədi, muzdlular barədə Prezident İlham Əliyevə suallar verirdilər. Fransa indi niyə susur? Niyə Rusiya vasitəsilə Ermənistana muzdlu döyüşçü aparılması barədə danışmır? Özlərini müstəqil hesab edən Qərb mediası niyə sükuta qərq olub?
“Muzdlu döyüşçüləri himayə edən dövlətlərdən biri də Fransadır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Fransa ona görə bunları görməzdən gəlir ki, özləri bilavasitə muzdlu döyüşçüləri himayə ediblər: “Fransa Qarabağ məsələsində haçan ədalətli mövqe sərgiləyib ki, indi də Rusiyanın muzdlu döyüşçüləri himayə etməsinə reaksiya versin? Bu həmin Fransadır ki, uzun illər erməni separatizminə dəstək verib. İkinci Qarabağ müharibəsində Ermənistana hər cür dəstəyi verdi. Çoxsaylı Fransa vətəndaşı könüllü adı altında Qarabağa yollandı. Baxmayaraq ki, bu cinayət idi, amma Fransanın müvafiq qurumları bunu görməzdən gəldilər. Çünki ortada siyasi iradə yox idi. Makron başda olmaqla ölkə hakimiyyətinin siyasi iradəsi ermənilərin tərəfində idi. Bax, budur reallıq. Bu ölkədə ədalət olsaydı, o zaman “Frans24” telekanalı bu məsələni araşdırardı. Ancaq nəinki araşdırmırlar, heç bu barədə adi informasiya vermirlər. Ona görə ki, muzdlu döyüşçüləri himayə edən dövlətlərdən biri də Fransadır”.
Partiya funksioneri hesab edir ki, Fransadan bundan sonra da ədalət gözləməyə dəyməz.
Vidadi ORDAHALLI