ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endrü Şoffer Qarabağdakı separatçıların rəhbəri Araik Arutunyan ilə görüşməkdən imtina ediblər. Hansı ki, Arutunyan İrəvana bu görüş üçün xüsusilə səfər edib.
Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri, Rusiyanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Erməni mediası yazır ki, Prezident İlham Əliyevin həmsədrləri qəbul edərkən Minsk Qrupunun fəaliyyətini tənqid etməsi səbəbindən həmsədrlər Araiklə görüşməyə cəsarət etmədilər. Bakını qıcıqlandırmamaqdan ötrü bu addımı atıblar. Halbuki, əvvəllər belə şeyləri nəzərə almırdılar.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev həmsədrləri qəbul edərkən onların fəaliyyətini kəskin tənqid etdi: “Təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.
Görünən odur ki, həmsədrlər bu tənqidlərdən sonra separatçı qurumun rəhbəri ilə görüşməyi məqsədəuyğun saymayıblar.
“Minsk Qrupunun varlığı bizim üçün heç bir əhəmiyyət kəsb etmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, həmsədrlər Minsk Qrupunun heç nəyə yaramadığını yaxşı bilirlər: “Onların regiona səfəri zamanı Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, həmsədrləri dəvət etməyib. Bununla yanaşı, qurumun səmərəsiz fəaliyyətini kəskin tənqid etdi. Ölkə başçısı çox açıq və sadə şəkildə həmsədr ölkələrin nümayəndələrinə bildirdi ki, 28 ildə BMT-nin, Minsk Qrupunun edə bilmədiklərini Azərbaycan Ordusu edib. Öz qətiyyəti, əzmi və iradəsi ilə 44 gündə reallaşdıraraq düşmənin belini qırıb, cinayətkar rejimə çox güclü zərbələr endirib. Azərbaycan işğal edilmiş ərazilərin böyük hissəsini, o cümlədən, tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad edərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Azərbaycan liderinin müdrikliyi, qətiyyəti, iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində şanlı ordumuz illərdir mövcud olan status-kvonu darmadağın etdi. Azərbaycan qələbə qazanıb. Çünki haqq, ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bəs, ATƏT-in Minsk Qrupu münaqişə ilə bağlı nə etdi? Bu təşkilat bir dəfə olsun demədi ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanmalıdır. Yəni bu 4 qətnaməyə görə təcavüzkar Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxartmalı idi. Əvəzində Ermənistan nə etdi? İşğalçı siyasətini daha da genişləndirdi. Nümayişkaranə şəkildə ələ keçirdiyi torpaqlarımızda qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Təbii sərvətlərimizi, maddi mədəniyyət abidələrimizi vəhşicəsinə talan etdi. İndi hamı bilir ki, Minsk Qrupu mənasız bir təşkilatdır. Əvvəllər həmsədrlər regiona turist səfərləri çərçivəsində Xankəndiyə də xüsusi səfər edirdilər. Bununla, bir növ, separatçıların çəkisini artırırdılar. İndi nəinki bunu etdilər, heç İrəvanda separatçıların rəhbəri ilə görüşməyə cəsarət etmədilər. Heç şübhəsiz ki, həmsədrlər Azərbaycanın qəzəbindən çəkindikləri üçün buna cəsarət etməyiblər”.
Şərqşünas onu da qeyd etdi ki, artıq Minsk Qrupunun varlığı bizim üçün heç bir əhəmiyyət kəsb etmir.
Vidadi ORDAHALLI