Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə dəyişiklik edilib. Qeyd edək ki, son xəritədə rusiyalı sülhməramlıların Köhnə Tağlar və Çaylaqqala kəndlərindən çəkildikləri və ərazinin Azərbaycan Ordusunun nəzarətində olduğu görünür.
İki gün əvvəl isə Rusiya sülhməramlıları tərəfindən hazırlanan xəritədə tamamilə başqa bir mənzərə vardı. Həmin xəritə ortaya çıxandan sonra Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual etdi. Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərirdi. Məsələ burasındadır ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Buna görə də, Rusiya sülhməramlılarından fəaliyyətini öz öhdəliklərinə uyğun qurmaları tələb edilirdi.
Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar oldu. Azərbaycan isə bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. İlkin təqdim olunan xəritədə isə sözügedən iki kəndin ermənilərin nəzarətində olduğu göstərilmişdi.
Sülməramlıların etiraza səbəb olan xəritəyə düzəliş etməsini necə şərh etmək olar?
“Sevindirici haldır ki, onlar etdikləri kobud səhvi korrektə etdilər”
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Rusiya sülhməramlılarının regionda bir missiyası var, o da müəyyən müddət ərzində sülhü təmin etməkdir: “Heç kəs unutmamalıdır ki, bu torpaqlarda tək söz sahibi Azərbaycandır. Sülhməramlıların əldə olunan razılaşmanın sərhədini aşan yeni xəritə təqdim etməsi qəbuledilməzdir. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-real idi. Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır. Hazırda həssas bir siyasi dövrdən keçirik. Bunu ilk növbədə rəsmi Moskva anlamalıdır. Ediləcək ən adi səhv yanlış anlaşma və tərəflərdən birinin ciddi etirazına, hətta regionda hərbi toqquşmaların yenidən başlamasına gətirib çıxara bilər. Digər tərəfdən, Azərbaycan hökuməti heç kəsə ixtiyar veməyib ki, öz qanuni torpaqlarında kimsə uydurma xəritə çəksin, reallığı əks etdirməyən xəbərlər yaysın. Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Çünki bu mümkün deyil. Digər tərəfdən, heç kəs unutmasın ki, regionda Rusiya tək deyil. Biz qələbə paradında da gördük ki, qardaş ölkə olan Türkiyə daima bizim yanımızdadır. Bütün bu narazılıqlar Rusiyanın diqqətinə çatıb. Sevindirici haldır ki, onlar etdikləri kobud səhvi korrektə etdilər. Yaxşı olar ki, sülhməramlılar özlərinə olan etimadı belə addımları ilə sarsıtmasınlar”.
Ekspertin sözlərinə görə, bu situasiya Rusiya sülhməramlılarına həm də bir xəbərdarlıq oldu ki, Azərbaycan öz ərazi bütövlüyü daxilində onun işinə kobud müdaxilə edilən istənilən cəhdə belə sərt reaksiya verəcək.
Məhəmmədəli QƏRİBLİ