Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir.
Bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır. Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir”.
Məsələyə Azərbaycan XİN-dən də reaksiya verilib. Qeyd edilib ki, Türkiyə tərəfinin bu məsələnin dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur: “S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk. Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq”.
Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı ölkə başçısının ortaya qoyduğu sərt və konkret mövqeni necə dəyərləndirmək olar?
“Necə olur ki, digər NATO üzvü olan Yunanıstan hava hücumundan müdafiə sistemi ilə bağlı arsenalına belə raketləri daxil edir, ancaq ona heç bir reaksiya verilmir?”
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, Azərbaycan Prezidentinin bu mövqeyi gözlənilən idi: “Biz iki ölkənin bütün prinsipial məsələlərdə bir-birini daima müdafiə etdiyinin şahidi olmuşuq. Hətta yadımdadır ki, mühüm beynəlxalq tədbirlərdən birində Türkiyə rəhbərliyinin iştirak etmədiyini görən Ermənistan prezidenti qardaş ölkənin arxasınca danışmaq istəmişdi. Həmin tədbirdə iştirak edən İlham Əliyev qalxıb onların cavabını vermişdi və demişdi ki, Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam. Biz bənzər addımları Türkiyədən də görürük. Xüsusilə də müharibə dönəmində Türkiyənin bizi dəstəkləyən mövqeyinin necə prinsipial olduğunu gördük. Prezident Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyni necə açıq formada dəstəklədiyinin şahidi olduq. Bu ənənə uğurla davam edir. Bu məsələdə həm Türkiyə, həm də onu dəstəkləyən Azərbaycanın mövqeyi haqlıdır. Necə olur ki, digər NATO üzvü olan Yunanıstan hava hücumundan müdafiə sistemi ilə bağlı arsenalına belə raketləri daxil edir, ancaq ona heç bir reaksiya verilmir? Ancaq Türkiyə belə addım atanda onun üzərinə sanksiyalarla gəlir. Təbiidir ki, bütün bunlar ikili standartdan xəbər verir. Biz belə münasibəti özümüzə qarşı da gördük. Müharibədə öz ərazilərimizi işğalçılardan azad edirdik, ancaq dünyanın 5 nəhəng ölkəsi BMT Təhlükəsizlik Şurasında bizə qarşı iş çevirməyə çalışırdılar. Azərbaycanın çevik diplomatik manevrləri sayəsində həmin ədalətsiz qərar bizə qarşı çıxmadı. Biz bir-birimizi açıq müdafiə etməyə məhkumuq. Çünki bunu etməmək üçün əlimizdə heç bir ciddi əsas yoxdur”.
Ekspert qeyd etdi ki, bu birlik hər iki ölkənin mövqeyini daha da gücləndirəcək.
Məhəmmədəli QƏRİBLİ