Azərbyacanın 4 hərbçisinə müharibədə törətdiyi bəzi əməllərə görə cinayət işi qaldırılıb. Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir ki, buna səbəb sosial şəbəkələrdə yayılan bəzi videogörüntülər olub:
“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranmışdır. Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir. İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur. Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur. R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən Azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən qeyd olunan hüquq pozuntuları ilə bağlı ictimaiyyət məlumatlandırlmaqla cinayət işləri çərçivəsində istintaq araşdırmalarının aparılmasına dair açıq bəyanatlar verilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən 101 dinc sakinin öldürülməsi, 423 mülki şəxsin yaralanması, habelə Ermənistan hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı təəssüf ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülməmiş və açıqlama verilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi ilə bağlı bütün cinayətlər üzrə zəruri və intensiv istintaq hərəkətləri aparılır. Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır”.
Göründüyü kimi, Azərbaycan beynəlxalq konvensiyaların tələblərini pozan hərbçilərlə bağlı cinayət işi qaldırıb. Təbiidir ki, analoji hallara erməni hərbçiləri tərəfindən daha çox yol verilib. Bunu işğaldan azad edilən ərazilərdəki vəziyyət daha aydın göstərir. Prokurorluğun bəyanatında Ermənistan tərəfindən də eyni məzmunlu cinayətləri törədən erməni hərbçilərin cəzalandırılması tələb edilir. Ermənistanın bundan yayınmaması üçün biz hansı təzyiqləri göstərməliyik?
"Ermənistan bu addımı atmayacaqsa, onlara qarşı ciddi beynəlxalq qınaq və təzyiqlər olmalıdır”
Hüquqşunas, Polisə Dəstək İctimai Birliytinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrində olan şəxs kimi ermənilərin hansı vəhşiliklər törətdiyindən məlumatı var: “Mən bunların canlı şahidi olmuşam. Onların qeyri-insani, bəşəriyyət əleyinə olan bütün cinayətləri ilə yaxından tanışam. Bu gün də o fikirdəyəm ki, vəhşi heyvanlara qarşı necə mübarizə aparmaq lazımdırsa, bunların insanlığa qənim kəsilən qismi ilə də eyni qaydada mübarizə aparılmalıdır. Cəzanın bir məqsədi də islah etməkdir. Ətrafa görk olsun deyə bu addımlar atılmalıdır. Biz ikinci Qarabağ müharibəsində yenidən erməni vəhşiliyinin şahidi olduq. Bizim hərbçilərin hisslərini anlayıram. Onların bir çoxunun doğmaları öldürülüb, başqasının evi-eşiyi dağıdılıb. Bunu görən adam affekt halında istənilən cinayəti törədib. Buna baxmayaraq, Azərbaycan beynəlxalq qanunlara zidd davranışları olan hərbçiləri qanun qarşısında cəzalandırıb. Gəlin görək, ermənilər bizə qarşı hansı addımları atıb? İşğaldan azad edilən ərazilərimizdə bir dənə də olsun ev qalmayıb. Floraya, faunaya, dini abidələrimizə qarşı vəhşilik edilib. Biz bu addımı ona görə atırıq ki, dünya bizim necə hüquqi ölkə olduğumuzun bir daha şahidi olsun. Bu, humanistlikdən də artıq bir əməldir. Bəşəri dəyərlərə verilən önəmdir. Biz erməni vandallarını cəzalandırmağa çalışırıqsa, onlardan təzminat istəməytə hazırlaşırıqsa, bütün beynəlxalq qanunlara özümüz də hörmətlə yanaşmalıyıq. Əks halda bizim arqumentlərimiz zəif olar. İndi buyursunlar, Ermənistanla bağlı vəziyyəti müşahidə etsinlər. Ermənistan bu addımı atmayacaqsa, onlara qarşı ciddi beynəlxalq qınaq və təzyiqlər olmalıdır”.
Ekspertin sözlərinə görə, dünya birliyi bu məsələyə cinayət varsa, mütləq cəza olmalıdır prinsipi ilə yanaşmalıdır.
Məhəmmədəli QƏRİBLİ