Azərbaycan Ordusunun məğlub etdiyi Ermənistan silahlı birləşmələri iflic vəziyyətə düşüb. Düşmən hərbçiləri arasında ölənlərin sayı minlərlədir, onlar arasında itkin düşənlərin də sayının çox olduğu bildirilir. Ermənistanın hərbi-siyasi rəhbərliyi ölən və itkin düşənlərin sayını tam şəkildə açıqlamasa da, erməni KİV-i ölənlərinin sayının həddən artıq çox olduğunu yazır.
Məlum olduğu ki, Paşinyan hökumətinin zor gücünə Qarabağa Azərbaycan Ordusuna qarşı döyüşmək üçün göndərdiyi əsgərlərin çoxunun itkin düşməsi və ölməsi əsgər valideynlərinin Paşinyana qarşı qəzəbini daha da alovlandırıb. Onlar Paşinyandan övladlarını tələb edirlər.
Ermənistan hökuməti iddia edir ki, Qarabağda itkin düşən erməni hərbçiləri İrandadırlar.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib. İstifadəçilər İranın Ermənistandakı səfirliyinin nömrələrini yazaraq qeyd ediblər ki, Xocavənd, Vayk (Ermənistanın rayonu) və Cəbrayılda xidmət etmiş əsgərlərin valideynləri səfirliyə müraciət edə bilərlər.
Ermənistanın Müdafiə Nazirliyi isə İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir. “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.
Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.
Şuşan Stepanyan bildirib ki, məsələnin araşdırılması üçün idarənin əməkdaşları İrana müraciət ediblər. Ancaq nə Ermənistanın Tehrandakı səfirliyi, nə də İranın İrəvandakı diplomatik nümayəndəliyi İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləyib. Bundan açıq görsənir ki, Ermənistan artıq İrana qarşı da oyun oynamağa başlayıb.
“...ölkəsindəki siyasi böhranı azaltmaq məqsədi güdür”
Tanınmış hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın bu iddiası düşmən dövlətin yeni oyunudur. O hesab edir ki, itkin düşən erməni hərbçilərinin İran tərəfində olması ilə bağlı Ermənistan hökumətinin bu iddiası daxili auditoriyaya hesablanıb. “Biz hələ bu kimi çox uydurma bəyanat, açıqlama, iddia eşidəcəyik. Ermənistan hökuməti cəbhədəki uğursuzluğunu, məğlubiyyətini ört-basdır etmək üçün yollar, üsullar axtarır. Son əməliyyatlardan sonra Ermənistan demoralizə olunmuş bir vəziyyətdədir. Hazırda bu ölkə bütün mənalarda çox ciddi, qarşısıalınmaz böhran içindədir. Ona görə də onlardan hər cür bəyanat eşitmək mümkündür, burada təəccüblü heç nə yoxdur. Ölən və itkin düşən hərbçilərin valideynləri, ailələri Paşinyanın yaxasından yapışıb övladlarını, yaxınlarını tələb edirlər. Ermənistan hökumətinin itkin düşən erməni hərbçilərin İran ərazisində olduğu barədə səsləndirdiyi bəyanat, əslində, daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Bu hazırda çox emosional, gərgin psixoloji vəziyyətdə olan insanların sakitləşdirilməsinə yönəldilib. Bilirsiniz ki, Ermənistanın müharibədə uğradığı biabırçı məğlubiyyətə, övladlarının onlara aid olmayan torpaqlarda həlak olmasına və itkin düşməsinə görə ermənilər Paşinyan və onun rəhbərlik etdiyi hökuməti ittiham edir və onların istefasını tələb edirlər. Həm Paşinyan, həm ondan əvvəl Ermənistana rəhbərlik edən Petrosyan, Köçəryan, Sarkisyan Qarabağ kartından həmişə öz hakimiyyətlərini qorumaq üçün istifadə ediblər. Qarabağ işğaldan azad edildikdən sonra onlar çıxılmaz vəziyyətə düşüblər”.
İ.Rüstəmli qeyd etdi ki, müharibənin gedişində Azərbaycan humanistlik göstərərək humanitar atəşkəsə razılıq verdi, amma bu razılaşmanın üstündən heç bir saat keçməmiş Ermənistan Azərbaycanın cəbhədən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə və başqa şəhərlərini atəşə tutdu və dinc insanlarımızı qətlə yetirdi, mülki obyektlərimizi dağıtdı.
İ.Rüstəmlinin sözlərinə görə, hazırda Paşinyanın diqqəti daxili auditoriyaya yönəlib və o, insanları yenidən aldatmaqla məşğuldur: “İtkin düşən erməni hərbçiləri İranda olsaydı, İran dövləti buna çoxdan reaksiya verərdi, amma görüsünüz ki, məlumatı inkar edib. Bu, Paşinyan hökumətinin erməni xalqına satdığı növbəti yalandır. Paşinyan “itkin düşən hərbçilərimiz İrandadır” kimi sərsəm bəyanatlarla öz hakimiyyətinin ömrünü bir az da uzatmaq, ölkəsindəki siyasi böhranı azaltmaq məqsədi güdür. Amma insanlar ona və onun hökumətinə qarşı çox qəzəblidirlər. O çalışır ki, insanların emosional reaksiyalarının qarşısını alsın. Həqiqətən də düşmən ölkədə vəziyyət çox kritikdir, onlar hələ bundan da pis vəziyyətə düşəcəklər. Bilirsiniz ki, artıq Paşinyanın siyasi komandasının üzvləri də bir-birinin ardınca istefa verirlər, bu da Paşinyanın siyasi meydanda tək qalması deməkdir” - deyə İ.Rüstəmli qeyd etdi.
İradə SARIYEVA