Amerika Strateji Araşdırmalar İnstitutu “Heritage Foundation” Milli Müdafiə Mərkəzinin rəhbəri, general-leytenant Tomas Sper bəyan edib ki, ABŞ ordusu Azərbaycanın Qarabağdakı döyüş taktikasını öyrənir.
O, sözügedən məsələ ilə bağlı verdiyi açıqlamasında bir sıra məqamlara toxunub. Qeyd edib ki, Dağlıq Qarabağ müharibəsində Azərbaycanın seçdiyi taktika döyüş texnologiyasının ən son nailiyyəti idi: “Azərbaycanın pilotsuz döyüş təyyarələri Ermənistanın onlarla zirehli platformasını məhv etdi. Həddən artıq dəqiqlik, eyni zamanda, ölümcül zərbələr düşməni pərən-pərən saldı. Ermənistanla Azərbaycan arasındakı son müharibə gələcək böyük münaqişələrin necə görünə biləcəyi fürsətini yaratdı”
General onu da qeyd edib ki, Qarabağ müharibəsi hər bir dövləti düşünməyə vadar edir: “Artıq döyüş meydanında əsas sözü kəmiyyət yox, keyfiyyət deyir. Bu gün təcrübəyə və yenilikllərə nə qədər çox vaxt ayırsaq, biz bir o qədər üstünlük və pul qazana bilərik. Uğur hər zaman yenilikçilərlə olur”.
Göründüyü kimi, Azərbaycan Ordusunun 44 günlük müharibə dövründə tətbiq etdiyi müasir silahlar, taktika və strategiya Birləşmiş Ştatların ciddi marağına səbəb olub. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
“Heç bir münaqişə zonasında bu cür sistemli, həm taktiki, həm də strateji baxımdan planlı əməliyyat bu günə kimi aparılmayıb”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, ABŞ kimi ölkənin Azərbaycanın döyüş taktikasını öyrənməsi çox önəmli hadisədir: “Çünki Birləşmiş Ştatlar çox güclü hərbi imkanlara malikdir. Müharibədən əvvəl biz zaman-zaman Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olduğunu bəyan edirdik. Ancaq, nədənsə, bəzi hallarda bizim bu dediklərimiz Qərbdə şübhə ilə qarşılanırdı. Ancaq 44 günlük müharibə bütün bunların üstündən xətt çəkdi. Sözügedən döyüşlər Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Hələ müharibə gedən vaxt ABŞ generallarından biri dedi ki, dronlardan müdafiə sistemi təkmilləşdirilməsə, tankların əhəmiyyəti heçə enəcək. O dərəcədə bizim döyüşlərdə istifadə etdiyimiz pilotsuz aparatlar onları heyrətləndirdi. İndi isə döyüş taktikası və strategiyasının öyrənilməsinə maraq daha da artıb. Bütün bunlar həm də Azərbaycan əsgərinin öz canı və qanı hesabına yaratdığı qəhrəmanlıq salnaməsidir. Ordumuz 90-cı illərdə düşmənin işğal etdiyi böyük əraziləri azad etdi. Nəinki düşməni geri oturtduq, o cümlədən, bütün dünyada şok effekti yaratdıq. Bu mənada ordumuzun döyüş əməliyyatları, bunun taktiki və strateji baxımdan öyrənilməsi günün əsas mövzusu olaraq qalır. Çünki heç bir münaqişə zonasında bu cür sistemli, həm taktiki, həm də strateji baxımdan planlı əməliyyat bu günə kimi aparılmayıb. Biz müasir texniki vasitələrdən istifadə etməklə az itki ilə böyük uğur qazanmaq hədəfini qarşıya qoyduq. Aparılan döyüş əməliyyatları zamanı buna nail olduq. Az itki ilə böyük əraziləri işğaldan azad etdik. Şəxsi heyəti maksimum qorumaqla düşmənə sarsıdıcı zərbə vurduq. Eyni zamanda, planlı və qarşılıqlı əlaqəli fəaliyyət yüksək səviyyədə təmin edildi. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi buna sevinirik. Çünki çox mükəmməl döyüş əməliyyatlarının şahidi olduq. Ermənilər bu məğlubiyyəti bəlkə də 50 ilə həzm edəcəklər”.
Hərbi ekspertin fikrincə, bundan sonra digər ölkələr də Azərbaycanın hərbi taktikasını öyrənəcəklər.
Vidadi ORDAHALLI