Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib. Həmin vaxt ölkə başçısı səfirə bunları deyib: “Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı, əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər.
Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə edib. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan, ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü, demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər”.
Niderland parlamentinin qəbul etdiyi bu qərar yeni səfiri ölkəmizin küçələrində hansı çətin suallarla üz-üzə qoyacaq?
“Bütün bunlar erməni lobbisinin təsiri altında baş verir”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar erməni lobbisinin təsiri altında baş verir: “Əslində, hadisələrin bu müstəvidə cərəyan edəcəyini biz gözləyirdik. Çünki bilirdik ki, yalanlar üzərində piar aparmaqda usta olan erməni lobbisi aldığı ağır məğlubiyyətdən sonra hərəkətsiz qalmayacaq. Biz təxmin edirik ki, müharibə səngərdən diplomatiya müstəvisinə keçəcək. Artıq bunun ilkin işartıları Hollandiya parlamentinin qəbul etdiyi qərarda görünür. Ancaq səfir dedi ki, bu, hökumətin mövqeyini əks etdirmir. Nə qədər olsa da, xoşagələn hal deyil. Erməni diasporunun saxta “soyqırım” iddialarını qəbul etdirməklə bağlı dünya ölkələrinin parlamentlərilə işbirliyi təcrübəsi var. Onlar üçün parlamentlərlə işləmək ona görə asandır ki, həmin təsisatda fərqli siyasi qüvvələr təmsil olunur və məsuliyyət yükləri hökumətdəki kimi deyil. Buna baxmayaraq, biz belə təşəbbüsləri dərhal neytrallaşdırmalıyıq. İmkan verməməliyik ki, ermənilər özlərini əzilən, məzlum xalq kimi qələmə versin. Dünyaya izah edilməlidir ki, biz öz ərazimizi təmizləmək üçün müharibə aparmışıq, ermənilərin niyyəti isə işğalçılıq olub. Erməni lobbisi indi də müxtəlif nəşrlərdə Azərbaycanın azad etdiyi ərazilərdə erməni irsinin qorunmasının zəruri olmasını qabardır. Belə yazılar elə üslubda tərtib olunur ki, onları oxuyan az qala hər kəs qeyri-iradi azərbaycanlıların barbar olduğunu düşünür. Halbuki, bugünlərdə əsl barbarlığın kim tərəfindən törədildiyi göz qabağındadır. Onlar hətta işğal etdikləri ərazilərdən belə çıxarkən oraları yandırırlar. Təkcə işğaldan azad edilən ərazilərimizə baxmaq kifayətdir ki, ermənilərin nə qədər barbar olduğu haqda təsəvvür yaransın. Biz ilk növbədə, erməni işğalı altında olmuş bütün şəhər və kəndlərimizdə məzarların dağıdılması, məscidlərin və tarixi abidələrin vandalizmə məruz qalması haqda yüzlərlə faktı sənədləşdirib müvafiq beynəlxalq qurumlara təqdim etməliyik. İşğal dövründə törədilmiş vandalizm aktlarına görə Ermənistana qarşı məhkəmə iddiaları qaldırıb təzminat tələb etməliyik. Belə iddiaların təmin olunmasından çox, onların gündəmə gələrək müzakirə olunması vacibdir. Onda ermənilərin bu cür cəhdlərinin qarşısını almış olarıq”.
Müsahibizmizn sözlərinə görə, Hollandiyanın səfiri daha çox vətəndaşlarımızın bu sualı ilə qarşılaşa bilər: bütün bu vandallığı törədən ermənilərdisə, siz bizə qarşı niyə sanksiya qəbul edirsiniz? Əminik ki, bu faktların qarşısında onun verməyə cavabı olmayacaq.
Məhəmmədəli QƏRİBLİ